G7 ölkələrinin liderləri Rusiyanın Ukraynaya raket zərbələri endirməsini qınadı

G7 ölkələrinin liderləri Rusiyanın Ukraynaya son raket hücumlarını pisləyib və bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirəcəklərini bəyan ediblər.

1891550
G7 ölkələrinin liderləri Rusiyanın Ukraynaya raket zərbələri endirməsini qınadı

G7 ölkələrinin liderləri Rusiyanın Ukraynaya son raket hücumlarını pisləyib və bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirəcəklərini bəyan ediblər.

ABŞ , Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri Rusiya qüvvələrinin Ukraynanın bir çox bölgəsinə raket zərbələri endirməsindən sonra fövqəladə iclas keçirib.

Videokonfrans formatında keçirilən iclasda Ukrayna Prezidenti Volodimir  Zelenski də iştirak edib.

Liderlər iclasdan sonra yayımladıqları birgə bəyanatda Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi raket hücumlarını ən sərt şəkildə qınadıqlarını bildirib.

Hücumlara görə Rusiya prezidenti Vladimir Putin və digər rəsmilərin məsuliyyət daşıyacaqlarını bildirən liderlər Ukraynanın Donetsk, Luqansk, Zarorijya və Xerson bölgələri ilə yanaşı, Krım və Sevastopol bölgələrinin qanunsuz ilhaq cəhdini rədd etdiklərini ifadə ediblər.

Liderlər Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini açıq-aşkar pozduğunu ifadə edərək bu ölkəyə öz qüvvələrini Ukraynadan çıxarması ilə əlaqədar çağırış ediblər.

Liderlər həmçinin Rusiyanın gərginliyi artıran məsuliyyətsiz nüvə ritorikasını və qismən səfərbərlik elanını pislədiklərini açıqlayıblar.

“Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahından istifadə etməsinin ağır nəticələri olacaq'', - deyə birgə bəyanatda bildirilib.

Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına qarşı addımlarının da pisləndiyi bəyanatda baş verə biləcək hər hansı qəzaya görə rəsmi Moskvanın məsuliyyət daşıyacağı qeyd edilib.

Liderlər həmçinin Belarusu Rusiya qüvvələrinin öz ərazisindən istifadəsinə imkan verməməyə və onlara dəstək verməməyə çağırıb.

Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəklərini bəyan edən liderlər bu ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəklərini bir daha bəyan ediblər.

Liderlər Zelenskiyə qışa hərbi hazırlıq da daxil olmaqla, Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcəklərini bildiriblər.
Şimal axını boru kəmərlərinə verilən ziyana da toxunan liderlər kritik infrastrukturlara edilən hücumları da qınayıblar.



Әlaqәli Xәbәrlәr