BMT Rusiyanı qınayıb

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirdiyi referendumların “hüquqi əsasının olmadığını” bildirib.

1886525
BMT Rusiyanı qınayıb

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirdiyi referendumların “hüquqi əsasının olmadığını” bildirib.

Antonio Quterreş ayrıca, Rusiyanı "bu bölgələri ilhaq etmək qərarına" görə qınayıb.

"Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqı ilə bağlı istənilən qərarın heç bir hüquqi əsası yoxdur və qınamağı haqq edir", - deyə Quterreş BMT-nin Baş Qərargahında jurnalistlərə deyib. 

Quterreş qərarın qəbuledilməz olduğunu vurğulayaraq deyib ki, qərar beynəlxalq ictimaiyyətin müdafiə etdiyi hər şeyə ziddir. Bu, təhlükəli bir addımdır və gərginliyi dərinləşdirəcək. Müasir dünyada yeri olmayan bir qərardır, qəbuledilməzdir.

Quterreş bildirib ki, bir dövlətin ərazisinin digər dövlət tərəfindən təhdid və ya güc tətbiqi yolu ilə hər hansı ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) beş daimi üzvündən biri olan Rusiyanı BMT Konvensiyasına hörmətlə yanaşmağa dəvət edən baş katib Moskvanı bu qərardan geri çəkilməyə çağırıb.

Rusiyanın bundan sonra atacağı mümkün addımın sülh ümidlərini daha da təhlükəyə atacağına diqqət çəkən Quterreş qərarın qlobal iqtisadiyyata, xüsusilə də inkişaf etməkdə olan ölkələrə mənfi təsir edəcəyini bildirib.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın rusiyayönümlü separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə Rusiya ordusu tərəfindən ələ keçirilən Xerson və Zaporojya bölgələrində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilib.

Bölgələrdəki qondarma seçki komissiyalarının qeyri-müəyyən məlumatlarına görə, bu səslər əsasında “Rusiyaya qoşulmaq” qərarı verilib.

Kremlin sözçüsü Dmitriy Peskov bu gün Kremldə yeni bölgələrin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı imzalanma mərasiminin keçiriləcəyini açıqlayıb.

Avropa İttifaqının (Aİ) referendumun keçirilməsinə reaksiyası sərt olub və Rusiyaya qarşı ticarət qadağalarını və Rusiya neftinin ən yüksək qiymətini özündə əks etdirən səkkizinci sanksiya paketi təklif edilib.



Әlaqәli Xәbәrlәr