Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təklif etdi

Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell Aİ-nin yeni sanksiyalar paketi təklifini açıqlayıb

1886208
Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təklif etdi

 

  Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ticarət qadağaları və Rusiya neftinə məhdudiyyət də daxil olmaqla, 8-ci sanksiyalar paketini təklif edib.

  Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell Aİ-nin yeni sanksiyalar paketi təklifini açıqlayıb.

  Ukraynanın şərqindəki saxta referendumu və Ukrayna ərazilərinin ilhaqını tanımayacağını vurğulayan U.Leyen Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsi və səfərbərlik elanının gərginliyi artırdığını bildirərək deyib: “Bu səbəbdən Aİ Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyan Rusiyaya qarşı 8-ci sanksiyalar paketini hazırlayıb və təklif edir.

  Yeni sanksiyalar paketinə Rusiyanın bəzi adamları və təşkilatları, eləcə də ticarət və neft idxalına məhdudiyyətlər əlavə olunacaq. Bu çərçivədə bir sıra Rusiya mallarının idxalına qadağa qoyulacaq. Təfərrüatları hələlik məlum olmayan bu mallar Avropa bazarına çıxa bilmədiyi üçün Rusiya 7 milyard avro gəlirdən məhrum olacaq.

  Aİ istehsalı olan bəzi malların da Rusiyaya ixracına məhdudiyyətlər qoyulacaq. Məqsəd Rusiya ordusunu hərbi sahədə mühüm texnologiyalardan məhrum etməkdir. Bu mallara aviasiya materialları, elektron komponentlər və kimyəvi maddələr daxildir.

  Xidmət sektorunu da əhatə edən sanksiyalar paketi Aİ ölkələri vətəndaşlarının Rusiyada dövlət şirkətlərinin idarə edilməsində iştirakını da qadağan edir.

  Sanksiya paketi Rusiya neftinə də aiddir. Çünki Rusiya qalıq yanacaqların satışından əldə etdiyi gəlirləri müharibəni maliyyələşdirmək üçün istifadə edir.”

  Aİ-nin xüsusi nümayəndəsi C.Borrell sanksiya tətbiq ediləcək adam və təşkilatların siyahısını genişləndirdiklərini bildirib: “Siyahıda Ukrayna torpaqlarının Rusiya tərəfindən işğalı və ilhaqında payı olanlar - yüksək rütbəli hərbçilər, qərar qəbul edənlər, bəzi oliqarxlar və təbliğatçılar da var.

  Məqsədimiz 300 min nəfəri hərbi xidmətə çağırmaqla müharibəni qızışdıranlara birbaşa cavab verməkdir.

  Donetsk, Luqansk, Xerson və Zaporojyedə Rusiyanın vəkilliyini edən Rusiya rəsmiləri və Ukraynanın 4 bölgəsində saxta referendumlar təşkil edənlər hədəfimizdir.

  Müdafiə sənayesindən bir neçə nəfəri də bu siyahıya əlavə edəcəyik”.



Әlaqәli Xәbәrlәr