Çin düyməni basdı

Çin Bohay dənizində və Sarı dənizin cənubunda hərbi təlimlərə başlayır

1864654
Çin düyməni basdı

 

  Çin ölkənin şimal sahillərindəki Bohay dənizində və Sarı dənizin cənubunda real silah və sursatdan istifadə etməklə təlimlərə başladığını açıqladı.

  Çin Dəniz Təhlükəsizliyi İdarəsindən verilən məlumata görə, paytaxt Pekinin yaxınlığındakı Bohay dənizində avqustun 8-dən sentyabrın 8-dək, Sarı dənizin cənubunda isə avqustun 7-dən 15-inədək keçiriləcək hərbi təlimlərlə əlaqədar sözügedən ərazilərdə gəmilərin hərəkəti müvəqqəti dayandırılacaq.  

  Pekindən təxminən 300 kilometr cənub-şərqdə olan Bohay dənizi şimaldan Liaodonq və cənubdan Ciadonq yarımadaları ilə çevrələnib və Sarı dəniz körfəzində iç dəniz mövqeyindədir.

  Sarı dənizin cənubunda hərbi təlimin başlanması faktiki olaraq bütün bölgədə gəmilərin hərəkətinin məhdudlaşdırılması deməkdir.

  Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının sözcüsü Nensi Pelosinin keçən həftə Tayvan səfərindən sonra Çin bu ərazidəki 6 bölgədə real döyüş silah və sursatından istifadə edərək hərbi təlimlərə başlayıb. Avqustun 7-də başa çatması gözlənilən ilk təlimlər Çinin suverenlik münaqişəsində olduğu adanın ətrafında faktiki blokada yaradıb. Təlimlərə görə bəzi bölgələr gəmi və təyyarə yollarına bağlanıb, təhlükəsizlik səbəbiylə səfərlər dayandırılıb.



Әlaqәli Xәbәrlәr