İstilər Avropada minlərlə can almaqdadır

Avropada istilər çoxlu meşə yanğınlarına da səbəb olub ki, nəticədə 100 min hektardan çox ərazi külə dönüb

1856478
İstilər Avropada minlərlə can almaqdadır

 

  İspaniyada iyulun 10-dan 16-dək anomal istilərdən 510 nəfər həyatını itirib. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, təkcə bir gündə, yəni iyulun 16-da 150 nəfər həyatla vidalaşıb. İyulun 14-də maksimal temperatur 45 dərəcə olub.

  İspaniya Dövlət Meteorologiya Agentliyi iyulun 19-da Ribera del Ebro, La Rioxa, Navarra və Saraqosa əyalətlərində havanın həddindən artıq isti olacağını bildirib.

  Ümumiyyətlə, Avropada istilər çoxlu meşə yanğınlarına səbəb olub ki, nəticədə 100 min hektardan çox ərazi külə dönüb.

  İspaniya səlahiyyətliləri ölkədə həddindən artıq istilər səbəbindən 510 ölüm faktının qeydə alındığını, indiyədək 70 min hektardan çox ərazinin yandığını bildirib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir.

  Ötən həftə Portuqaliyada temperaturun 47 dərəcəyə çatması 659 nəfərin ölümünə səbəb olub. Ölkənin Təbiət və Meşə Mühafizəsi İnstitutunun məlumatına görə, bu il Portuqaliyada 39 559 hektar ərazi yanıb.

  Fransa səlahiyyətliləri cənub-qərbdəki Jirondada (Gironde) davam edən meşə yanğınlarının 14 min 800 hektar ərazini məhv etdiyini və 14 mindən çox adamın bölgədən köçürüldüyünü bildirib. Fransanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.

  Avropanın cənubundan başlayan və şimala doğru irəliləyən isti hava dalğası İrlandiya və İngiltərəni də əhatə edib.

  İrlandiyada havanın temperaturunun 33,3 dərəcəyə yüksəlməsi ilə ölkədə son 135 ilin ən yüksək hava istiliyi qeydə alınıb.

  İngiltərədə 38,1 dərəcə hava istiliyinin ölkədə ilk dəfə 40-a çatacağı bildirilib, bir sıra uçuş və dəmir yolu səfərləri təxirə salınıb.

  Almaniya və Belçikada temperaturun 35 dərəcəyə qədər yüksələcəyi, bəzi bölgələrdə isə 40 dərəcəyə çatacağı proqnozlaşdırılıb.

  İsveçrə hökuməti də ölkənin böyük bir hissəsinin ciddi təhlükə altında olduğunu bildirərək isti hava dalğası ilə bağlı xəbərdarlıq edib.

  Türkiyədə də havanın temperaturu kəskin yüksələcək. Xüsusilə Antaliyada istilik 44 dərəcəyədək artacaq. Bununla bağlı Antaliya Valiliyi əhaliyə diqqətli və tədbirli olmaları ilə bağlı xəbərdarlıq edib. Valilikdən verilən məlumata görə, iyulun 19-dan 25-dək Antaliyada havanın temperaturunun sahilyanı ərazilərdə 38-44, bir az kənar yerlərdə isə 32-36 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılıb. Hidrometeoroloqlar həmçinin bölgədə rütubət nisbətinin 10-30 faiz arasında, şimal və şimal-şərq istiqamətlərində isə güclü küləyin olacağını bildirirlər.



Әlaqәli Xәbәrlәr