Əfqanıstanda qadınlara məcburi baş örtüyü qanunu çıxarıldı
Əfqanıstanda Taliban hökuməti Xeyirə Dəvət və Şərdən Qorunma Nazirliyindən verilən yazılı məlumatda açıqlanan yeni qaydalara əsasən...
Əfqanıstanda Taliban hökuməti Xeyirə Dəvət və Şərdən Qorunma Nazirliyindən verilən yazılı məlumatda açıqlanan yeni qaydalara əsasən, yetkin qadınların örtünməsi məcburi sayılıb.
Qadınlar ya əfqan baş örtüyü olan burka, ya da bədənlərini tamamilə örtən qara çadra geyinəcək. Onlar məhrəm olmayan adamlarla qarşılaşdıqda üzlərini örtəcək, yalnız gözləri açıq qalacaq.
Qaydalara əməl etməyənlərin əvvəlcə ailə başçılarına xəbərdarlıq ediləcək. Xəbərdarlığa məhəl qoyulmasa, ailə başçısını 3 günlük həbs gözləyir. Bu cəzadan sonra da ailədəki yetkin qadın örtünməzsə, ailə başçısı məhkəməyə çıxarılacaq. Amma məhkəmə fəslində hansı mühakimə və ya cəzanın veriləcəyi hələ bəlli deyil.
Taliban hökumətinin elan etdiyi yeni qaydalara əsasən, dövlət idarələrində çalışan qadınlar örtülməzsə, işdən çıxarılacaq.
Başı bağlı olmayan qadınlarla birinci dərəcəli münasibətdə olan dövlət qulluqçularının vəzifəsi dayandırılacaq.
Talibanın İnformasiya və Mədəniyyət Nazirliyində keçirilən mərasimdə çıxış edən Xeyirliyə dəvət və şərin qarşısının alınması nazirinin müavini Mövləvi Xalid Hənəfi verilən qərarı müdafiə edərək “Biz bacılarımızın ləyaqət və təhlükəsizlik içində yaşamasını istəyirik” deyib.
Qeyd edək ki, Taliban bundan əvvəl orta məktəbdə qızların təhsilinin dayandırılması, universitetlərdə dərs günlərinin cinsinə görə ayrılması, yaxın qohumu olmadan uzun səfərlərə çıxılmaması kimi qaydalar tətbiq etmişdi.