Madaqaskarda ölənlərin sayı artır
Hind okeanındakı ada ölkəsi Madaqaskarda tüğyan edən "Batsirai" qasırğası nəticəsində həyatını itirənlərin sayı 96-ya yüksəlib.
Hind okeanındakı ada ölkəsi Madaqaskarda tüğyan edən "Batsirai" qasırğası nəticəsində həyatını itirənlərin sayı 96-ya yüksəlib.
İkonqo qəsəbəsinin millət vəkili Jean Brunelle Razafintsiandraofa sosial mediada verdiyi açıqlamada ölkənin şərqindəki Fitovinany bölgəsində yerləşən rayonun tamamilə su altında qaldığını bildirib.
Razafitsiandraofa qeyd edib ki, rayonda çoxlu evlər dağılıb və ölənlərin sayı 96-ya çatıb.
Milli Risk və Fəlakətlərin İdarə Edilməsi Bürosu da həftə sonu ölkənin şərq sahillərinə çatan "Batsirai" qasırğası səbəbindən 70 355 nəfərin evlərini tərk etdiyini bildirib.
Qasırğadan ən çox paytaxt Antananarivudan 530 kilometr uzaqlıqda yerləşən Mananjari şəhərinin zərər çəkdiyi qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, fırtınanın sürəti sahil zolağında saatda 235 kilometrə çatıb, daxili hissələrdə isə 110 kilometrə qədər azalıb.
Xatırladaq ki, keçən ay Madaqaskarda təsirli olan "Main" tropik tufanında 55 nəfər həyatını itirib, 110 min insan isə başqa yerə köçmək məcburiyyətində qalıb.
Afrikanın cənub-şərqində tüğyan edən "Ana" tropik qasırğası Madaqaskar, Mozambik və Malavidə ümumilikdə 78 nəfərin ölümünə səbəb olub.