ABŞ və NATO Rusiyaya cavablarını verdilər

Rusiya-Ukrayna gərginliyinin diplomatik həll yolu axtarışlarında son döngəyə daxil olunur...

1769109
ABŞ və NATO Rusiyaya cavablarını verdilər

Rusiya keçən ay təqdim etdiyi təhlükəsizlik təklifləri ilə bağlı ABŞ-dan yazılı cavab aldığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın nazirlik binasına getdiyi bildirilib.

Sallivanın Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdüyü məlumatının yer aldığı açıqlamada “ABŞ səfiri Rusiyanın təhlükəsizlik təkliflərinə ABŞ-ın yazılı cavabını verib” ifadəsindən istifadə edilib.

ABŞ tərəfi isə "dialoqa açıq olduqlarını və diplomatiyaya üstünlük verdiklərini" ifadə etdikləri məktubun məzmunu barədə məlumat verməyəcəyini, Rusiya tərəfdən də eyni mövqeyi gözlədiklərini bildirib.

ABŞ dövlət katibi Entoni Blinken “Biz ABŞ və müttəfiqlərinin narahatlığını Rusiyaya çatdırdıq" deyib.

“Bundan sonrası Rusiyadan asılıdır. Biz hər iki vəziyyətə də hazırıq. Rusiyanın (Ukrayna) təcavüzü halında qlobal enerji böhranına yol verməyəcəyik” deyən Blinken Moskvanın Ukraynanın NATO-ya daxil edilməməsi təklifini rədd etdiklərini də bildirib.

Digər tərəfdən, NATO-nun baş katibi Yens Stoltenberq də Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma təklifinə yazılı cavab göndərdiklərini söyləyib.

Stoltenberq təşkil etdiyi mətbuat konfransında "NATO Rusiyaya yazılı təkliflər göndərdi. Bunu ABŞ ilə paralel olaraq etdik" deyib.

Moskva ilə real dialoqa hazır olduqlarını bildirən Stoltenberq Rusiyanı digər ölkələrə qarşı güc tətbiq etməməyə çağırıb.

Ukraynanın alyansa üzvlüyü məsələsinə barədə isə Stoltenberq NATO-nun “açıq qapı” siyasətini davam etdirəcəyini qeyd edərək, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə bunun baha başa gələcəyini bildirib.

Rusiyanın təhlükəsizlik zəmanətləri təklifləri

Rusiya ABŞ və NATO-ya dekabr ayında təqdim etdiyi təhlükəsizlik zəmanətləri üzrə saziş təkliflərində NATO-nun genişlənməsindən imtina etmək öhdəliyini tələb edib.

ABŞ-ın keçmiş Sovet İttifaqı ölkələrində və NATO-ya daxil olmayan ölkələrdə hərbi baza yaratmamaq, bu ölkələrin infrastrukturundan hər hansı hərbi fəaliyyət göstərmək üçün istifadə etməmək və bu ölkələrlə əməkdaşlıq etməmək tələbləri də layihə mətnində yer alıb.

Rusiyanın təklifində həmçinin ölkələrin öz ərazilərindən kənarda nüvə silahının yerləşdirilməməsi və milli ərazilərdən kənarda yerləşdirilən bu cür silahların çıxarılması ilə bağlı maddələr öz yerini tutub.



Әlaqәli Xәbәrlәr