Yens Stoltenberq: "Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətini narahatlıqla izləyirik"
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətini narahatlıqla izlədiklərini bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətini narahatlıqla izlədiklərini bildirib.
Baş katib “Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzünün bir cavabı olacaq, həm siyasi, həm də iqtisadi nəticələri olacaq” deyib.
Y. Stoltenberq bu gün və sabah NATO Xarici İşlər Nazirləri Toplantısının keçiriləcəyi Latviyanın paytaxtı Riqada dünən Latviya Prezidenti Eqils Levits ilə birgə mətbuat konfransı keçirib.
İki gün davam edəcək görüşdə Rusiyanın Ukrayna sərhəddində hərbi birləşmələri və Belarusdan Polşa, Latviya və Litvaya keçmək üçün sərhədə gedən şəxslərlə bağlı vəziyyətin müzakirə ediləcəyini bildirən Stoltenberq Belarus administrasiyasının qaçqınlardan sui-istifadə etdiyini və bunun regional sabitliyə zərər verdiyini söyləyib.
Ukrayna-Rusiya sərhədindəki vəziyyəti diqqətlə və narahatlıqla izlədiklərini bildirən Stoltenberq deyib:
"Rusiya bu il ikinci dəfədir ki, regionda öz qüvvələrini genişmiqyaslı və qeyri-adi şəkildə toplayıb. Burada ağır silahlar, artilleriya, zirehli bölmələr, pilotsuz uçuş aparatları və elektron texnikası olan on minlərlə döyüşə hazır əsgəri görürük. Bu hərbi birləşmə səbəbsiz və izah edilməmiş şəkildə buradadır. Bu vəziyyət gərginliyi və yanlış hesablamalar ehtimalını artırır. Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzünün cavabı həm siyasi, həm də iqtisadi nəticələri olacaq. Rusiya şəffaf olmalı və gərginliyi azaltmalıdır".
NATO-nun Baltikyanı regionda mövcudluğunun artırılması planlarının olub-olmaması ilə bağlı suala Stoltenberq bildirib ki, 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaqından sonra NATO bölgədəki varlığını artırıb.
“Soyuq Müharibə bitdikdən sonra son illərdə kollektiv müdafiəmizin ən böyük gücləndirilməsini reallaşdırdıq” deyən Stoltenberq NATO Müdaxilə Qüvvələrinin sayını üç dəfə artırdıqlarını və 40 min əsgərə çatdırdıqlarını və bu qüvvənin zəruri hallarda qısa müddətdə göndərilə biləcəyini dilə gətirib.
Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısında Rusiyadan başqa gələn il İspaniyada keçiriləcək NATO Sammitində qəbul edilməsi planlaşdırılan alyansın yeni Strateji Konsepsiyasının da müzakirə ediləcəyini bildirib.
NATO-nun Şimali Amerika və Avropanın ittifaqı olduğunu xatırladan Stoltenberq regionun qlobal təhlükə və sınaqlarla üz-üzə qaldığını, Çinin yüksəlişi ilə qlobal güc balansının dəyişdiyini və bütün bunların yeni Strateji Konsepsiyaya daxil edilməsinin vacibliyini vurğulayıb.