Efiopiya böyük vətəndaş müharibəsi və bəşəri fəlakətə sürüklənir
Birləşmiş Millətlər Təşkilatı Siyasi İşlər üzrə baş direktor müavini Rozmari di Karlo (Rosemary DiCarlo) BMT Təhlükəsizlik Şurasında mətbuata verdiyi açıqlamasında deyib...
Efiopiyanın böyüyən bir vətəndaş müharibəsi və bəşəri fəlakətə sürükləndiyi xəbərdarlığı edildi.
Birləşmiş Millətlər Təşkilatı Siyasi İşlər üzrə baş direktor müavini Rozmari di Karlo (Rosemary DiCarlo) BMT Təhlükəsizlik Şurasında mətbuata verdiyi açıqlamasında Efiopiyanın şimalında hökumət qüvvələri və Tiqray Xalq Qurtuluş Cəbhəsi (TPLF) arasında bir ildir davam edən qarşıdurmaların faciəvi ölçülərə çatdığına diqqət çəkərək deyib: “Qarşıdurmalar Efiopiya xalqının gələcəyi qədər Afrika Buynuzu bölgəsinin sabitliyini də təhlükəyə atıb. Heç kim 110 milyondan çox insanın, 90-dan çox etnik qrupun olduğu və 80 müxtəlif dilin danışıldığı bir ölkədə davam edən qarşıdurmaların nələr gətirəcəyini təxmin edə bilməz. Amma qəti olan budur ki, Efiopiya böyüyən bir vətəndaş müharibəsi və bəşəri fəlakətə sürüklənir. Ölkənin şimalında 7 milyondan çox insan humanitar yardıma möhtac, Tiqrayda isə 400 min adam qıtlıqla üz-üzədir.
18 oktyabrdan Tiqrayın mərkəzi Mekelleyə hava hücumlarına görə əraziyə yardım maşınları girə bilir. 22 oktyabrdan isə BMT-yə aid humanitar yardım uçuşları təxirə salınıb.
Tərəflərə qarşıdurmalara dərhal son qoymaq və atəşkəs çağırışı edirik.”
Qeyd edək ki, Efiopiya hökuməti Tiqray Xalq Qurtuluş Cəbhəsinin hücumları ilə əlaqədar 2 noyabrda ölkədə fövqəladə vəziyyət elan edib və Addis Ababaya müdafiə birlikləri göndərib.
Ölkənin şimalında federal ordu ilə Tiqray Xalq Qurtuluş Cəbhəsi arasındakı qarşıdurmalar 2020-ci ilin noyabrından davam edir və 1 il ərzində təxminən 2,5 milyon adam yerindən-yurdundan didərgin düşüb.