"Əfqanıstanda Taliban qazandı və onlarla danışmalıyıq", C.Borel

Aİ Xarici İşlər Nazirlərinin fövqəladə videokonfransından sonra mətbuata açıqlamalar verən C.Borel sözügedən mövzu ilə bağlı bunları söyləyib...

1692926
"Əfqanıstanda Taliban qazandı və onlarla danışmalıyıq", C.Borel

 

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borel (Josep Borrell) "Əfqanıstanda Taliban döyüşü qazandı və onlarla danışmalıyıq" dedi.

  Aİ Xarici İşlər Nazirlərinin fövqəladə videokonfransından sonra mətbuata açıqlamalar verən C.Borel sözügedən mövzu ilə bağlı bunları söyləyib: “Taliban döyüşü qazandı və onlarla danışmalıyıq.

  Talibanın insan haqqları və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası qərarlarına uyğunlaşmasını təmin etmək üçün bütün manevrlərə gedəcəyik.

  Əfqanıstan xalqını dəstəkləməyə davam edirik. Bu, Talibanı rəsmi tanıma anlamını vermir, sadəcə bəzi şeyləri yoluna qoymaq lazımdır.

  Aİ-nin Taliban ilə əməkdaşlığı barışçıl, hərtərəfli sülhə nail olmaq, qadınlar, uşaqlar, gənclər və azlıqlar daxil olmaqla, bütün əfqanıstanlıların konstitusiya haqlarına hörmət edilməsinə bağlıdır.

  Hal-hazırda prioritetlərimizdən biri Avropa vətəndaşları və Aİ ilə 20 ildən çoxdur çalışan əfqanıstanlıların rahat buraxılmalarıdır. Əgər Əfqanıstanı tərk etmək istəyərlərsə, onlara laqeyd qala bilmərik. Onları gətirə bilmək və Aİ üzv ölkələrində qorumasını təmin etmək üçün hər şeyi edəcəyik. Bu adamları qəbul etməyə hazır olan İspaniyaya təşəkkür etmək istəyirəm.

  Sözügedən adamların sayı təxminən 400-dür və onların yaşayışı Aİ-nin ayrı-ayrı ölkələrində təmin olunacaq.

  Başqa prioritetimiz Əfqanıstandakı yeni vəziyyətin Avropaya böyük köçə gətirib-çıxarmasına imkan verməməkdir. Bu mövzuda üzv və tranzit ölkələrlə görüşəcəyik.

  Alınacaq dərslər var. Xüsusilə, Əfqanıstan ordusunun Talibanın hücumlarına qarşı müqavimət göstərmə gücüylə bağlı səhv fikirlər dolaşmaqdadır. Yaxın gələcəkdə Türkiyə, Pakistan, İran, Çin və Rusiya ilə daha çox çalışmaq lazımdır.

  Aİ Əfqanıstanda bütün zorakılığın dərhal dayandırılması, təhlükəsizliyin və vətəndaş dincliyinin təmin edilməsi, insanların həyat, şərəf və mal varlığının qorunmasına çağırır. Qarşıdurma demokratiya, hüququn üstünlüyü və konstitusiyanın aliliyinə söykənən ağıllı müzakirələr yoluyla həll edilməlidir.

  Xatırladaq ki, avqustun 15-ində paytaxt Kabili mühasirəyə alan Taliban ölkə başçısı Əşrəf Qaninin ölkəni tərk etməsi və hökumət qüvvələrinin paytaxtdan ayrılmasıyla buranı da tamamilə öz nəzarətinə aldı.



Әlaqәli Xәbәrlәr