1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir

1648321
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

  1 İyun dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Bu Ümumdünya Uşaqlar Günü isə 1954-cü ildə BMT-nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə edilən bayram kimi qeyd edilib.  

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, 2009-cu il "Uşaq ili" elan olunmuşdu.

  Xatırladaq ki, 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən Bəyənnamə qəbul edilib. Bu bəyənnamədə deyilirdi: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Həmin bəyənnamənin qəbul edilməsi ilə bağlı ilk işlər Eqlantayn Ceb (Eglantyne Djebb) tərəfindən görülüb. O, bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım göstərmiş, onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoymuşdur.



Әlaqәli Xәbәrlәr