Süveyş kanalının girişində bir gəmi 321 gəminin qarşısını kəsib

Bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabiyə keçirdiyi mətbuat konfransında məlumat verib

1609978
Süveyş kanalının girişində bir gəmi 321 gəminin qarşısını kəsib

 

  Nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir. Bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabiyə keçirdiyi mətbuat konfransında məlumat verib.

  Jurnalistlərə bildirilib ki, Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin altından və ətrafından 90 min ton ballast suyu təmizlənib. Misir rəsmisi əlavə edib ki, insidentin əsas səbəbi bir gün əvvəl həmin ərazidə baş verən güclü qum fırtınası nəticəsində kanalın dayazlaşması olub.

  Misir prezidentinin tapşırığına əsasən kanalın açılması işlərinə nəzarət edən baş nazir Mustafa Mədbuli yardım təklif edən ölkələrə təşəkkür edərək bildirib ki, təmizləmə işləri uğurla davam etdirilir. Burada artıq 14 kömək gəmisi “Evergreen”in tezliklə yola salınması üçün əsas işləri görür.

  Misir rəsmisi Süveyş kanalının açılacağı dəqiq tarixi söyləməyib.

  Xatırladaq ki, həftənin əvvəlində dünyanın ən böyük yük gəmilərindən olan "Evengreen" Aralıq dənizini Qırmızı dənizə bağlayan Süveyş kanalında saya oturub - dənizin dayaz yerində saplanaraq hərəkətsiz qalıb.

  Tayvan nəqliyyat şirkəti “Evergreen Marine”yə aid Panama bayraqlı gəmini qurtarmaq üçün çəkici qayıq və yardım gəmiləri hərəkətə keçib.

  400 metr uzunluğundakı gəminin saya oturma səbəbi dəqiqləşməyib, amma gəmi heyəti isə sağ-sağlamdır, hər hansı bir yaralanma yoxdur.

  “Evergreen” gəmisinin yana dönməsi nəticəsində kanal gediş-gəlişə bağlanılıb.

  Qeyd edək ki, uzunluğu 193 kilometr olan Süveyş kanalının eni 220, dərinliyi 24 metrdir.



Әlaqәli Xәbәrlәr