Müxtəlif ölkələrdə karantin rejimi

Gürcüstan, Ukrayna, Yaponiyada karantin rejimləri necə arada götürülür?

1422262
Müxtəlif ölkələrdə karantin rejimi

 

  Mayın 23-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı başa çatıb. Bununla yanaşı ölkədə bir sıra məhdudiyyət və qadağalar hələ bir müddət qüvvədə saxlanılacaq.

  Gürcüstanda restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək.   İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

  Qeyd edək ki, Gürcüstanda martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti əvvəlcə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılmışdı.

  Özbəkistanın Cizzak, Qaşqadərya, Fərqanə və Surxandərya vilayətlərindən sonra Buxara da korona vurusundan azad region elan olunub. Ölkədə mayın 23-dən parklar, muzeylər və sərgi salonları öz işini bərpa edib.

  Ukraynada “Covid-19” pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yumşaldılır. Mayın 22-dən etibarən bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldılıb, karantinə uyğunlaşma modeli tətbiq olunub. Artıq Ukraynada tamaşaçısız, 50 nəfərdən çox iştirakçının olmaması şərti ilə idman oyunlarının, dini tədbirlərin keçirilməsinə, avtonəqliyyat vasitələri ilə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına, mehmanxanaların fəaliyyətinə, mayın 25-dən isə metropolitenin və uşaq bağçalarının işinə icazə verilir.

  Həmçinin qeyd etmək lazımdır ki, iyunun 1-dən ölkədə vilayətlərarası daşımalar, iyunun 10-dan isə regionlarda karantin rejiminin yumşaldılması ilə əlaqədar binalarda yerləşən restoranların tam fəaliyyət göstərməsi, mədəniyyət müəssisələri, mehmanxana və hostellərin işi başlayır. İyun ayının 15-dən etibarən aviadaşımaların bərpası planlaşdırılır.

  Yaponiya hökuməti paytaxt Tokio və digər dörd prefekturada korona virusunun yayılmasının qarşısının alınmasında əldə edilən irəliləyişə görə fövqəladə vəziyyət rejimini mayın 25-də ləğv edə bilər. Dörd prefekturaya Kanaqava, Çiba, Saytama və Hokkaydo daxildir.

  Yaponiyada bütün prefekturalarda fövqəladə vəziyyət ləğv olunduqdan sonra hökumət iri tədbirlər, o cümlədən milli bayramlar da daxil olmaqla sosial-iqtisadi fəaliyyətin bərpası ilə bağlı əsas rəhbər prinsiplərin hazırlanmasını planlaşdırır.

  Fransada “Covid-19” tədbirləri yumşaldılır. Bu çərçivədə ibadət yerlərinin yenidən açılmasına icazə verilib.

  İspaniyanın əhalinin ən sıx olduğu paytaxt Madrid və Barselona şəhərlərində tədricən normallaşmanın ikinci mərhələsinə 25 maydan keçiləcək.



Әlaqәli Xәbәrlәr