"ABŞ-ın bu iddiaları əsassız və tamamilə saxtadır"

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Şuan verdiyi açıqlamada bildirib...

1408878
"ABŞ-ın bu iddiaları əsassız və tamamilə saxtadır"

 

  Çin ABŞ-ın “Covid-19” virusunun Vuhan (Wuhan) laboratoriyasında yaradıldığı iddialarını rədd edir.

  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Şuan aprelin 30-da verdiyi açıqlamada Vuhan Virusologiya İnstitutunun korona virusunu yaratma və yayma iqtidarında olmadığını söyləyib: “İnstitutdakı laboratoriyadan hər hansı sızmanın qarşısını almaq üçün illərdir ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. ABŞ-ın bu iddiaları əsassız və tamamilə saxtadır. Virusun qaynağı mürəkkəb elmi prosesdir və alimlər tərəfindən araşdırılır. Amerika siyasətçiləri "Çini qlobal epidemiyaya görə məsuliyyətə cəlb olunmalıdır” kimi yersiz açıqlamaları yerinə ölkələrində baş vermiş hadisələri idarə etməyə vaxtlarını sərf etsinlər”.

  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “Covid-19”un süni yaradıldığı qənaətindədir.

  ABŞ Milli Kəşfiyyatı isə bir neçə gün əvvəl belə məlumat yayıb: “ABŞ kəşfiyyatı “Covid-19” virusunun insan əli ilə yaradılmadığına və genetik modifikasiya olunmadığına dair geniş alim konsensusu ilə razıdır. Xəstəliyinin heyvanla təmas və ya Yuhan şəhərindəki laboratoriyada baş verən insident nəticəsində yayıldığını müəyyən etmək üçün əldə olunan informasiya və kəşfiyyat məlumatları araşdırılır”.

  ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo isə dəfələrlə Çini virusun mənşəyi barədə məlumatları gizlətməkdə ittiham edib.

  Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Yuhan şəhərində yeni növ korona virusunun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni korona virusunun yayılmasını pandemiya elan edib.



Әlaqәli Xәbәrlәr