Avstriyada virusla bağlı məhdudiyyətlərin bir qismi aradan qaldırılır
Bu barədə Avstriyanın federal vitse-kansleri Verner Koqler keçirdiyi mətbuat konfransında bildirib.
Avstriyada korona virusu pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi növbəti həftədən - 6 apreldən etibarən aradan qaldırıla bilər. Bu barədə Avstriyanın federal vitse-kansleri Verner Koqler keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, normal həyata dönüş tədricən baş verəcək və bu, ilk növbədə, iqtisadiyyatın bir sıra sahələrinə, əsasən də ticarət obyektlərinə şamil olunacaq. Belə ki, yoluxma riskinin minimum həddə olduğu və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət olunması şərtilə qeyri-ərzaq obyektləri fəaliyyətini bərpa edə biləcək. Lakin bu məsələdə son qərar 6 – 13 aprel arası qəbul ediləcək və parlament tərəfindən müvafiq hüquqi baza ilə təmin olunacaq.
Avstriyanın vitse-kansleri onu da bildirib ki, növbəti mərhələdə idman tədbirlərinin bərpası barədə də fikirləşmək mümkün ola bilər. Önəmli olan korona virusuna yoluxma hallarının azalması və bu fonda sosial-iqtisadi həyatı bərpa etmək üçün “hərəkət planı”nın icrası üçün epidemoloji maneələrin olmamasıdır.
Qeyd edək ki, hazırda Avstriyada korona virusuna yoluxanların sayı 11 min 100 nəfərə çatıb, 168 nəfər həyatını itirib.