Müsəlman dünyasına müqəddəs Üç Aylar qədəm basdı

Sonu mübarək Ramazan ayı ilə bitən, rəhməti, bərəkəti bol olan zaman dilimidir üç ay.

1365531
Müsəlman dünyasına müqəddəs Üç Aylar qədəm basdı

 

  2020-ci il fevralın 24-dən 25-inə keçən gecə bütün müsəlman dünyasında müqəddəs aylar başladı. Buna “Üç aylar” deyirlər. Sonu mübarək Ramazan ayı ilə bitən, rəhməti, bərəkəti bol olan zaman dilimidir üç ay.

  Üç aylar öz içində daşıdığı xəzinələri ilə bizə ana kimi qucaq açır. Bu aylar Qəməri təqviminə görə Rəcəb, Şaban və Ramazan aylarıdır. Bu aylar tövbə etməyin, bağşlanmağn, mənəvi təmizlənməyin, özünü yeniləməyin xəbərçisi olan Rəqaib, Merac, Bərat qəndilləri, Qədr gecəsi və Ramazan bayramı kimi mübarək gün və gecələri ilə bir mənəviyyat mövsümüdür. Rəcəb və Şaban ayları rəhmət ayı olan Ramazanı qarşılayan aylar olub Ramazan ayının müjdəçisidir.

 Rəcəb ayı

  Rəcəb ayı hicri təqviminin 7-ci ayıdır. Bu ay Allahın müsəlmanlara bəxş etdiyi lütfdür. Bu ay İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. İmam Kazımın təbiri ilə desək, “Rəcəb Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (çayın) adıdır”.

  Eyni zamanda, Rəcəb ayı haram sayılan aylardan biridir. Haram aylar 4-dür: Zil-qədə, Zil-hiccə, Məhərrəm və Rəcəb. Bu aylar “Əşhurul-Hurum” adlanır və bu aylarda müharibə etmək haramdır. Quranda “haram aylar” haqqında belə buyurulur: “Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır”. (Tövbə 36)

  Deməli, Rəcəb ayı həm də, təhlükəsizlik, rahatlıq, arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha çox ibadət və itaət etmək imkanı vardır.

  Rəcəb əhli - Behişt əhlidir.

  Rəcəb ayında oruc tutan, tövbə edib, bağışlanma diləyən, bir sözlə, ibadət edən insanlar bu ayın hörmətini uca tutan, Allahın razılığnı düşünən adamlardır. Onlar hədislərdə “Rəcəb əhli”, “Rəcəb ayının camaatı” kimi təqdim edilib.

Şaban ayı

  Hicri ayların səkkizincisi və mübarək Üç ayların ikincisi olan Şabanın kəlmə mənası budur: “Çox qol-budaq ataraq inkişaf edən”.

  Bu ay bol və xeyir-bərəkətli ay olduğu üçün oruc tutan cənnətə girincəyə qədər qol-budaq atar, böyüyər.

  Şaban ayı xeyir və bərəkətlərin endiyi aydır. Şaban ayında Peyğəmbərimiz (s.ə.s.) Ramazan ayı orucları üçün özünü hazırlayardı. Mömün müsəlmanlar Şaban ayında çoxlu oruc tutar, gecə namazları qılar, Qurani Kərim oxuyar. Məhz o əməllərə də bu aydan hazırlıqlar görülür ki, Ramazan ayı daxil olduqda birdən-birə ağr ibadətlərə başlayıb, bir həftə sonra yorulub əldən düşməyək.

Ramazan ayı

  Ramazan Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bir fürsətdir. Ramazan ibadətlərin qarşılığnda savabların qat-qat artıq verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığ bir aydır.

  Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır.

  Bu ayda görülən bütün ibadət və fərz əməllərinin savabı başqa ayda görülənlərdən fərqli və üstündür. Xeyir əməllər isə sərhədsizdir.

  Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. O elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlama və sonu da cəhənnəm atəşindən qurtuluşdur.

 



Әlaqәli Xәbәrlәr