Pakistanın sabiq prezidenti ölüm cəzasına məhkum edildi

“Dawn” mətbuat orqanının yazdığına görə...

1324977
Pakistanın sabiq prezidenti ölüm cəzasına məhkum edildi

  Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti və hərbi lideri Pərviz Müşərrəfi dövlətə xəyanət ittihamı üzrə ölüm cəzasına məhkum edib.

  “Dawn” mətbuat orqanının yazdığına görə, hökm Peşəvər Ali Məhkəməsinin sədri Vakar Əhməd Sethin başçılıq etdiyi üç hakimdən ibarət məhkəmə kollegiyası tərəfindən verilib.

  Pakistan tarixində ilk dəfə sabiq prezident ölkə konstitusiyasının 6-cı maddəsinə əsasən edam cəzasına məhkum olunub.

  Noyabrın 28-də İslamabad Ali Məhkəməsi cinayət işi üzrə arqumentlərin təkrar analizi üçün vaxt istəyən Pakistan Daxili İşlər Nazirliyinin təqdim etdiyi müvafiq petisiyanı müzakirə etdikdən sonra Xüsusi Məhkəmənin hökmünün elanının təxirə salınması ilə bağlı qərar çıxarmışdı. Xüsusi Məhkəmə noyabrın 19-da Pərviz Müşərrəfin vətənə xəyanət üzrə məhkəmə işini başa çatdırmış və hökmün noyabrın 28-də elan olunacağını bildirmişdi.

  Sabiq prezidentə qarşı irəli sürülən ittiham 2007-ci ildə konstitusiyanın fəaliyyətini dayandırmaq və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlıdır.

  Xatırladaq ki, general Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. O, 2001-2008-ci illərdə prezident postunu tutmuş və kütləvi etirazlar fonunda istefa vermək məcburiyyətində qalmışdı.

  Hazırda Pakistanın 76 yaşlı sabiq prezidenti 2017-ci ildə müalicə almaq üçün getdiyi Dubayda yaşayır və səhhətindəki çoxsaylı problemlərə görə Pakistana qayıda bilmədiyini iddia edir.

 



Әlaqәli Xәbәrlәr