İspaniya Madriddə olacaq BMT-nin İqlim Sammitinə hazırlaşır

Dekabrın 2-dən 13-dək paytaxt Madriddə keçiriləcək BMT-nin İqlim Sammiti İspaniya hökumətinə təqribən 50 milyon avroya başa gələcək.

1313606
İspaniya Madriddə olacaq BMT-nin İqlim Sammitinə hazırlaşır

 

  Dekabrın 2-dən 13-dək paytaxt Madriddə keçiriləcək BMT-nin İqlim Sammiti İspaniya hökumətinə təqribən 50 milyon avroya başa gələcək. Qeyd edək ki, 2015-ci ildə Paris İqlim Sammitinə Fransa xəzinəsindən 180 milyon dollar xərclənib.

   İspaniyanın ekoloji dəyişikliklər naziri vəzifələrini icra edən Teresa Ribera COP25 Sammitinə hazırlığın bəzi təfərrüatlarını bölüşüb. Hazırda hökumət ümid bəsləyir ki, BMT Sammitinin təşkilinə təqribən 50 milyon avro xərclənəcək. Tədbir ilə bağlı bütün xərclərin ödənilməsi ilə əlaqədar Maliyyə Nazirliyinə büdcə haqqında qanuna müvafiq dəyişikliklər edilməsi tapşırılacaq.

  BMT-nin İqlim Sammiti Çilinin paytaxtı Santyaqoda keçirilməli idi. Çili metrosunda gediş haqqının artırılması nəticəsində kütləvi iğtişaşların başlanmasına görə Prezident Sebastyan Pinyera İqlim Sammitinin ölkəsində keçirilməsindən imtina etmək məcburiyyətində qalıb. Çili istənilən halda Sammitə sədrlik edəcək. Lakin Sebastyan Pinyera Madridə getməyəcək, çünki ölkənin daxili durumu dövlət başçısı üçün prioritetdir. ABŞ prezidenti Donald Tramp, Braziliya prezidenti Jair Bolsonaru, habelə Fransa prezidenti Emmanuel Makron da Madrid Sammitinə qatılmayacaqlar. Emmanuel Makron bu qərarını Parisdə pensiya sistemində islahatlar əleyhinə ümumi tətilin keçirilməsi, Malidə öldürülmüş 13 əsgərin dəfni ilə əlaqələndirib. Sammitdə Fransa dövlətinin başçısını Baş Nazir Eduar Filipp əvəz edəcək.

  İspaniya hazırda gənc isveçli fəal Qreta Tunberqin BMT Sammitinə qatılacağını gözləyir. Qreta İqlim Sammitinə vaxtında yetişmək üçün hazırda Atlantik okeanında səyahət edir.



Әlaqәli Xәbәrlәr