Xəbər agentlikləri təşkilatına sədrlik "Yonhap"a keçdi

Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib

Xəbər agentlikləri təşkilatına sədrlik "Yonhap"a keçdi

 

  Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2019-2022-ci illərdə sədrlik “Azertac”dan Koreya Respublikasının “Yonhap” xəbər agentliyinə keçib. Bu barədə qərar təşkilatın noyabrın 8-də Seulda başa çatan baş assambleyasında qəbul edilib.

  Assambleyada “Yonhap” agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.

  Qeyd edək ki, Azertac OANA-ya 2016-2019-cu illərdə rəhbərlik edib. Qurumun XVI baş assambleyası həmin ilin noyabrında Bakıda təşkil olunub.

  XVII Baş Assambleyada İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. Azertac yekdilliklə OANA-nın vitse-prezidenti seçilib, Monqolustanın Montsame agentliyi İcraiyyə Komitəsinə, Pakistanın PPİ agentliyi isə Texniki Komitəyə üzv qəbul olunub.

  OANA-nın İcraiyyə Komitəsinə hazırda 13 agentlik daxildir. Yonhap prezidentdir, Azərbaycanın “Azertac”, Rusiyanın “TASS”, Çinin “Sinxua” və Türkiyənin “Anadolu” agentlikləri vitse-prezident, Avstraliyanın “AAP”, Malayziyanın “Bernama”, Bəhreynin “BNA”, İranın “İRNA”, Yaponiyanın “Kyodo”, Vyetnamın “VNA”, Livanın “NNA”, Monqolustanın “Montsame” agentlikləri isə üzvdür.

  Növbəti XVIII Baş Assambleyanın 2022-ci ildə İranda keçirilməsi ilə bağlı İRNA-nın təklifi qəbul olunub. Assambleyada Fələstinin “WAFA” agentliyinə OANA-da müşahidəçi statusu verilib. Bundan əlavə, iştirakçılar təşkilatın nizamnaməsinə təklif edilən dəyişiklikləri, OANA-nın atributlarını və Seul Bəyannaməsini təsdiqləyiblər.

  Baş assambleya başa çatdıqdan sonra “Yonhap”ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 46-cı iclası keçirilib. İclasda yeni katibliyin görəcəyi işlər, OANA-nın fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub. Bununla da OANA-nın XVII Baş Assambleyası başa çatıb.

  47-ci İcraiyyə Komitəsinin iclası 2020-ci ilin yazında “Montsame” agentliyinin təşkilatçılığı ilə Monqolustanda keçiriləcək.



Әlaqәli Xәbәrlәr