Donald Tramp Pakistanın baş naziri ilə görüşdü

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp həm Əfqanıstan məsələsində, həm də ikitərəfli münasibətlərdə Pakistanla yeni səhifə açmağa başladıqlarını bildirdi.

1240857
Donald Tramp Pakistanın baş naziri ilə görüşdü

 ABŞ prezidenti  Donald Tramp və Pakistanın baş naziri İmran Xan Ağ Evdə görüşdülər.

 Liderlər görüşdən əvvəl  Oval Ofisdə mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
 
 Tramp və Xan mətbuat nümayəndələri ilə təxminən 40 dəqiqə davam edən görüşdə  başlıca olaraq ABŞ-Pakistan münasibətlərinin bundan sonra daha da yaxşılaşması istiqamətindəki səylərdən danışdılar.
 
 Pakistanın bu günə qədər ABŞ-a bir sıra məsələdə yardımçı olmadığını söyləyən Tramp özündən əvvəlki ABŞ və Xandan əvvəlki Pakistan liderlərinin səhvlərinə görə münasibətlərin bu nöqtəyə gəldiyini bildirdi.
 
 Tramp ötən il ABŞ-ın Pakistana hərbi yardımlarını dayandırması ilə bağlı olaraq: "İllərlə Pakistana illik 1,3 milyard dollarlıq yardım etdik. Məsələ burasındadır ki, o zaman Pakistan bizim üçün bir şey etmirdi. Bu, (İmran Xanı nəzərdə tutaraq) sizdən əvvəl olmuşdu. 1,5 il əvvəl buna  son qoydum. Dürüst olmaq lazım gələrsə, hazırda Pakistanla daha yaxşı münasibətlərimiz var və bu bəhs etdiyimiz yardım vəziyyətə görə Pakistana geri qayıda bilər. Qısa müddət ərzində Pakistanla gözəl münasibətlərə malik olacağıq, olmalıyıq da" dedi.
 
 Bundan başqa, Pakistan ilə Hindistan arasında Kəşmir məsələsində də rol oynaya biləcəyini qeyd edən Tramp məsələ ilə bağlı bunları söylədi: "İki həftə əvvəl Hindistan baş naziri Narendra Modi ilə birlikdəydim. Bu mövzuya da toxunduq. Məndən bu məsələdə vasitəçi olub-olmayacağımı soruşdu. Onlar da, siz də bu məsələnin həll olunmasını istəyirsiniz. "Mən də kömək edə bilərəm, vasitəçi ola bilərəm" dedim. Bu məsələ həll olunmalıdır". 
 
ABŞ prezidenti bir gün Pakistana məmnuniyyətlə səfər edəcəyini də sözlərinə əlavə etdi.
 
 Pakistan baş naziri İmran Xan isə ABŞ-ın Pakistan üçün həyati əhəmiyyət kəsb edən bir ölkə olduğuna işarə edərək, iki ölkə arasında münasibətlərin çox qədim kökləri olduğunu və yeni dövrdə bu münasibətləri daha yaxşı bir mərhələyə çatdıracaqlarını vurğuladı.
 
 Xan Pakistan ilə Hindistan arasındakı problemli münasibətlərin yaxşılaşdırılmasında ABŞ-ın töhfəsinə qiymət verdiklərini ifadə edərək, Trampın bu məsələdə vasitəçi rolunun əhəmiyyətli olacağını söylədi.
 
 Pakistanın baş naziri Kəşmir məsələsi ilə bağlı bunları qeyd etdi: "ABŞ Kəşmir məsələsində bizimlə Hindistan arasındakı danışıqlarda çox mühüm rol oynaya bilər. Biz bu məsələnin həll olunması üçün əlimizdən gələnin ən yaxşısını edirik, lakin təəssüf ki, hələ bir nəticə əldə etməmişik. Ümid edirəm ki, prezident Tramp bu prosesə dəstək verir". 



Әlaqәli Xәbәrlәr