Əlcəzair ordusu xalqa müraciət etdi

Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əhməd Kayid Saleh ölkənin böhrandan çıxa bilməsi üçün xalqı  ordu ilə əl-ələ verməyə çağırdı.

Əlcəzair ordusu xalqa müraciət etdi

 

Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əhməd Kayid Saleh hərbi bazada çıxışı zamanı  sabiq prezident Əbdüləziz Buteflikanın istefasından sonra davam edən kütləvi nümayişlər və korrupsiya ilə bağlı son zamanlarda sürətləndirilən təhqiqatlarla bağlı fikir bildirdi.

Saleh Əlcəzair xalqına müraciət edərək :"Xalqımız şər planlar hazırlayanların araya girməsinə imkan verməməli, bu böhrandan çıxmaq üçün ayıq-sayıq olmalı, əsgərlərlə əl-ələ verməlidir" dedi.

Baş Qərargah rəisi Buteflikanın ətrafındakı şəxslərin korrupsiya ilə bağlı təhqiqatların qarşısını almağa cəhd göstərdiklərini söylədi.

Əvvəlki çıxışlarında Budeflikanın yaxın dairəsini  "dəstə" kimi səciyyələndirən Saleh bunları söylədi: "Korrupsiya ilə mübarizə cəhdi, həqiqi, doğru, konkret və təsdiq olunmuş məlumatlara əsaslanaraq davam edir. Bu vəziyyət dəstəni narahat etdi və dərhal ordu və məhkəmənin bu səyini bloklaşdırmağa cəhd etdilər".

Xatırladaq ki, Əlcəzairin uzun müddətdir səhhəti ilə əlaqədar problemləri olan 82 yaşlı prezidenti Əbdüləziz Buteflikanın beşinci dövrdə prezidentliyə namizədliyini irəli sürməsindən sonra xalq etirazları başlamış, Buteflika ordunun "şifahi müdaxiləsi" ilə aprelin 2-də istefa vermək məcburiyyətində qalmışdı.

Əlcəzairdə son həftələrdə Buteflika dövründə adı bir sıra korrupsiya iddiasına qarışan çox sayda iş adamı, bürokrat və siyasətçi  korrupsiya ilə bağlı başladılan istintaqlarda  ifadə veriblər.

Ölkənin  ən zəngin iş adamlarından biri olan İssad Rebrab da daxil olmaqla, aparıcı iş adamları korrupsiya ittihamı ilə həbs ediliblər. Əbdülaziz Buteflikanın qardaşı Səid Bütflika və Kəşfiyyat Təşkilatının iki sabiq rəhbəri tutulub.
 



Әlaqәli Xәbәrlәr