“Sarı jiletlilər” hərəkatı 25-ci həftədir ki, qısa fasilələrlə davam edir

Fransada “sarı jiletlilər” ölkə prezidenti Emmanuel Makron rəhbərliyinin siyasətlərinə etiraz etmək üçün yenidən mitinqlərə başladı.

1195279
“Sarı jiletlilər” hərəkatı 25-ci həftədir ki, qısa fasilələrlə davam edir

 

  Yanacaq qiymətlərinin artması və iqtisadi vəziyyətin pisləşməsinə etiraz olaraq başlayan, daha sonra Makron hakimiyyətinə qarşı aksiyalara çevrilən “sarı jiletlilər” hərəkatı 25-ci həftədir ki, qısa fasilələrlə davam edir.

  Bir qrup “sarı jiletli” nümayişçi Parisin 10-cu rayonunda yerləşən Laribuazer (Lariboisiere) xəstəxanasından Milli (Nation) meydana, digər qrup isə paytaxtın 5-ci bölümündən 13-cüyə yürüyüb.

  Nümayişçilər arasında “sarı jiletlilər”in liderləri Maksim Nikol (Maxime Nicolle) və Erik Drouet (Eric Drouet) də olub.

  Yürüş zamanı hər hansı bir hadisə baş verməyib.

  Nümayişçilər Şarl de Qoll (Charles de Gaulle) hava limanında da toplanıb və Şarl de Qoll ilə Orli (Orly) hava limanlarının özəlləşdirilməsinə reaksiyalarını bildiriblər.

  Polis etirazçıların Yelisey (Champs-Elysees) küçəsi və 15 apreldə çıxan yanğından böyük dağıntıya uğrayan Notr Dam (Notre Dame) kilsəsi ətrafında aksiya keçirməsinə qadağa qoyub.

  Ölkənin qərbindəki la Roş sür Yon (La Roche-sur-Yon) şəhərində keçirilən mitinqdə isə polislə nümayişçilər arasında gərginlik yaşanıb. Polisin bibər qazından istifadə etdiyi aksiyada çıxan hadisələrdə 2 adam yaralanıb.

  Tuluza (Toulouse), Monpelye (Montpellier), Lion (Lyon), Marsel (Marsilya) və Monlüson (Montluçon) şəhərlərində də nümayişlər olub.

  Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına görə, ümumi etirazlara bura qədər 18 min 900, “sarı jiletlilər”ə görə isə 40 min 291 adam qatılıb.

  Xatırladaq ki, “sarı jiletlilər”in aksiyaları 2018-ci ilin 17 noyabrından davam edir.

  Hökumətin açıqladığı məlumatlara görə, aksiyalarda indiyə qədər 11 nəfər həyatını itirib, 2 mindən çox adam yaralanıb, 8400-dən çox adam nəzarətə alınıb, 1000-ə yaxın nümayişçi isə həbs olunub.



Әlaqәli Xәbәrlәr