Cozef Votel: "Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik"

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr (CENTCOM) komandanı General Cozef Votel Əfqanıstan hökuməti ilə Taliban arasında razılıq əldə olunmasını istədiklərini bildirdi.

1150101
Cozef Votel: "Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik"


Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) tərəfindən Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Orta Asiyada təhlükəsizlik və sabitlik" mövzulu toplantıda Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın baş qərargah rəisləri və Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr (CENTCOM) komandanı, general Cozef Votel (Joseph Votel) iştirak edib.
 
 CENTCOM-un komandanı Cozef Votel toplantıda çıxış edərək ABŞ-ın Taliban ilə Əfqanıstandan çıxmaq məsələsini müzakirə etmədiyini qeyd etdi və dedi: "ABŞ Taliban ilə əsgərlərimizin çəkilməsinə dair müzakirələr aparmır. Məqsədimiz Əfqanıstan hökuməti ilə Taliban arasında razılıq əldə edilməsidir".
 
 Əfqanıstandakı atəşkəs danışıqlarının etibarın yaradılmasının ən mühüm addımı olduğunu vurğulayan Votel: "Bununla birlikdə, Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik. Vəzifəmiz dəyişməyib. Əsgərlərin geri çəkilməsi üçün bir əmr almamışıq" dedi.
 
 Votel Orta və Cənubi Asiyadakı təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə aparılmasının vacibliyinə toxunaraq dedi: "Hələ təhlükə var. Buna görə də ən yaxşısı bu təhdidlərə qarşı birgə mübarizə aparmaqdır. Bu səbəblə buraya toplaşdıq. İstədiyimiz ən əsas şey Orta və Cənubi Asiyada müstəqil və güclü tərəfdaşların olmasıdır". 
 
 Özbəkistan Müdafiə naziri Bahadır Qurbanov isə, Əfqanıstanda sülhü təmin etmək üçün bütün ölkələrlə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını bildirdi.



Әlaqәli Xәbәrlәr