Ceyms Cefri: "PKK-nın Suriya davamı olan PYD/YPG-ni terror təşkilatı kimi tanımırıq"

Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi səfir Ceyms Cefri (James Jeffrey) Suriyada əməkdaşlıq etdikləri PYD-nin separatçı terror təşkilatı PKK-nın buradakı qolu olduğunu, lakin onu terror təşkilatı kimi tanımadığını söylədi.

Ceyms Cefri: "PKK-nın Suriya davamı olan PYD/YPG-ni terror təşkilatı kimi tanımırıq"

  Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi səfir Ceyms Cefri (James Jeffrey) amerikan "Defense One" media təşkilatının illik toplantısında çıxış edərək, ABŞ-ın separatçı terror təşkilatı PYD/YPG/PKK ilə olan əlaqəsini dəyərləndirdi.

 Cefrinin: "Suriya kontekstində həm Türkiyə, həm də PYD/YPG/PKK ilə eyni anda fəaliyyət göstərməliyik" açıqlaması diqqət çəkdi.

Suriya üzrə xüsusi nümayəndə Türkiyənin Suriya Demokratik Qüvvələri adından istifadə edən PYD/YPG-ni PKK-nın Suriya qolu olaraq tanıdığını, bu vəziyyətdə həm Türkiyə ilə, həm də təşkilatla eyni anda işləməyi necə tarazlaşdıra bildiklərinə dair verilən suala belə cavab verdi: "Bu, olduqca çətindir. Çünki Türkiyənin fəal iştirakı, əməkdaşlığı və koordinasiyalı fəaliyyəti olmasaydı, Suriyada bu gün etdiklərimizin heç birisini edə bilməzdik. Lakin yerli tərəfdaş olmadan da ölkənin şimal-şərqindəki mövcudluğumuzu  və DEAŞ-la hələ bitməmiş mübarizəni davam etdirə bilməzdik. Bu yerli tərəfdaş 2014-cü ildən bu yana PKK-nın Suriya davamı olan, lakin PKK kimi terror təşkilatı adlandırmadığımız PYD-dir. Bu məsələ Türklər üçün narahatlıq mənbəyidir, amma hələ tanımadıq".

  DEAŞ-ın məğlub edilməsi Türkiyənin də təhlükəsizlik prioritetləri arasında olduğuna görə Ankaranın ABŞ ilə YPG/PKK arasındakı münasibətə dözdüyünü iddia edən Cefri: "Suriyada DEAŞ-ın məğlub edilməsindən başqa bir siyasətimizin olmasına qərar verdiyimiz zaman Türklər bizim üçün problem yaratmağa başladı" dedi.

 Türkiyənin ABŞ-ın prioritetləri olan DEAŞ-ın məğlub edilməsi, İranın və İran dəstəkli milislərin Suriyadan çıxarılması və Suriyada siyasi  sülh prosesinin başlaması məsələləri ilə razılaşdığını ifadə edən xüsusi nümayəndə sözünə  belə davam etdi: "Lakin bunun bizim şimal-şərqdə qalmağımızın səbəbi olduğundan əmin deyillər. Onlara bunun YPG/PKK ilə  müvəqqəti bir mübadilə olduğunu söyləmişdik. Hələ də elədir, amma buna bəzi şərtlər əlavə etdik. Bu da bizimlə Türklər və PYD/SDG arasında sərhəd bölgəsində gərginliyə səbəb olur".
 
 Qeyd edək ki, Ceyms Cefri Suriya üzrə xüsusi nümayəndə təyin olunmazdan əvvəl bir çox paneldə YPG və PYD-nin PKK-nın Suriya davamı olduğunu açıq şəkildə dilə gətirmişdi. Ötən həftələrdə  isə YPG-nin ABŞ tərəfindən terror təşkilatı kimi tanınmadığı istiqamətindəki açıqlaması mübahisələrə səbəb oldu.



Әlaqәli Xәbәrlәr