Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq qərarına gəldi

Almaniya kansleri Angela Merkel Səudiyyə jurnalisti Camal Xaşoqçinin ölümünə aydınlıq gətirilənə qədər Səudiyyə Ərəbistanına silah göndərməyəcəklərini bildirdi.

1076647
Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq qərarına gəldi

 Almaniya kansleri Angela Merkel  Çex Respublikasının paytaxtı Praqada Baş nazir Andrej Babiş ilə keçirdiyi mətbuat konfransında jurnalist Camal Xaşoqçinin öldürülməsinin qəddar bir hadisə olduğunu, bunu Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə apardığı telefon görüşündə də ifadə etdiyini bildirdi.
 
Baş nazirlə Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı yürüdüləcək siyasəti müzakirə etdiklərini bildirən Merkel bunları söylədi: "Biz Almaniya tərəfi olaraq dedik: "Bu dəhşətli hadisənin arxa planı üzə çıxarılanadək Səudiyyə Ərəbistanına silah göndərməyəcəyik". 
 
 Almaniya İqtisadiyyat və Energetika naziri Peter Altmaier də "Deutschlandfunk"a verdiyi açıqlamada, Almaniyanın bu şərtlər altında Səudiyyə Ərəbistanına silah ixracını dayandırma qərarını qəbul etdiyini, Avropa ölkələrinin ortaq bir mövqe sərgiləməsi halında bu qərarın Ər-Riyad üzərindəki təsirinin daha çox olacağını bildirdi.
 
 Qeyd edək ki, Səudiyyə Ərəbistanı Almaniyanın yeni ildən bu yana ən çox silah satdığı ikinci ölkədir.
 
 Almaniya bu ilin 9 ayı ərzində Əlcəzairə təxminən 741,5 milyon avro, Səudiyyə Ərəbistanına da təxminən 417 milyon avro məbləğində silah satıb.
 
Xatırladaq ki, "Washington Post" qəzetinin əməkdaşı Səudiyyə jurnalisti Camal Xaşoqçi 2 oktyabr 2018-ci il tarixində rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedib və konsulluğun binasına girdikdən sonra yoxa çıxıb.
 
Səudiyyə Ərəbistan rəhbərliyi, oktyabrın 20-də Xaşoqçinin konsulluq binasında baş verən münaqişə nəticəsində öldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr