Putin və Tramp arasında telefon danışığı olub
Telefon danışığının Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə Soçidə bugün baş tutacaq Suriya mövzulu üçtərəfli yığıncaq ərəfəsində olması diqqət çəkdi.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefonla Şimali Koreya və Əfqanıstandakı vəziyyət və İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tərəflər Şimali Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və problemin danışıqlar və diplomatik vasitələrlə həlli yollarının axtarılmasının məqsədəuyğun olduğunu qeyd ediblər. İki ölkə lideri həmçinin terror və narkotik təhlükəsinin artması ilə əlaqədar narahatlıq yaradan Əfqanıstandakı vəziyyətə toxunublar.
"İranın nüvə proqramı ilə bağlı yaranan vəziyyət də müzakirə olunub", - deyə məlumatda qeyd edilib.
Putin həmçinin Suriya Dövlət başçısı Əsədlə keçirdiyi görüş haqqında Trampa məlumat verib.
Bildirilib ki, Vladimir Putin siyasi prosesə və konstitusiya islahatları ilə prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğunu təsdiqləyən Əsədlə noyabrın 20-də baş tutan görüşün nəticələri barədə Trampa məlumat verib.
Bir saata yaxın davam edən telefon danışığının Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə Soçidə bugün baş tutacaq Suriya mövzulu üçtərəfli yığıncaq ərəfəsində olması diqqət çəkdi.