Rusiya və Çin BMT-də Hələb qətnaməsinə veto qoydu

Hələbdə 7 günlük atəşkəs rejiminə dair qətnamə layihəsinə Rusiya və Çin veto qoydu, veto səlahiyyəti olmayan Venesuela layihənin əleyhinə səs verdi.

624373
Rusiya və Çin BMT-də  Hələb qətnaməsinə veto qoydu

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Suriyanın Hələb şəhərinə humanitar yardımın çatdırılması üçün münaqişələrə 7 gün fasilə verilməsini nəzərdə tutan qətnamə layihəsi rədd edildi.
 
 Hələbdə rejimin və Rusiyanın intensivləşən hava hücumlarında çox sayda vətəndaşın həyatını itirməsi və BMT-nin Hələbi "ac şəhər" elan etməsindən sonra İspaniya, Misir və Yeni Zelandiya tərəfindən hazırlanaraq, Şuraya təqdim olunan qərar layihəsi səsverməyə çıxarıldı.
 
 Layihəyə  Rusiya və Çin veto qoydu, veto səlahiyyəti olmayan Venesuela layihənin əleyhinə səs verdi. Anqolanın bitərəf qaldığı səsvermədə 11 ölkə layihənin lehinə səs verdi.
 
 Beləliklə, Rusiya 2011-ci ildən etibarən 6-cı dəfə, Çin isə 5-ci dəfə Suriya layihəsinə veto qoymuş oldu.
 
 15 üzvlü Şurada bir layihənin qəbul edilməsi üçün 9 lehinə səs verilməli və daimi üzvlər - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın layihəyə veto qoymamaları lazımdır.
 
 Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) BMT-dəki xüsusi nümayəndəsi Nəcib Ghadbian səsvermədən sonra verdiyi yazılı açıqlamada: "BMT-nin Təhlükəsizlik Şurasının Suriyada həyatların xilas edilməsində maraqlı olmadığı son dərəcə açıqdır" dedi.
 
 Ghadbian BMT üzvü olan ölkələrdən Hələbdəki vətəndaşları xilas etmək üçün məsələnin 193 üzvlü BMT Baş Assambleyasının gündəminə qoyulmasını gözlədiklərini bildirdi.
 
 Bu arada, layihəyə veto qoyan Rusiya və Çinə Qərb ölkələri reaksiya göstərdi.
 
İngiltərənin BMT-dəki daimi nümayəndəsi Matthew Rycrof səsvermədən sonrakı çıxışında: "Rusiya 5 il ərzində 6-cı dəfə BMT Təhlükəsizlik Şurasının Suriyada əhəmiyyətli  bir addım atmasının qarşısını alır" dedi.

Fransanın BMT-dəki daimi nümayəndəsi François Delattre də çıxışında Suriya rejiminin hərbi strategiyasını "əxlaqın çökməsi" kimi səciyyələndirdi, bunun bütün dünyanın təhlükəsizliyi üçün təhdid olduğunu bildirdi.
 
 Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaly Çurkin isə Şuraya təqdim olunan layihənin təxribat məqsədli olduğu fikrini irəli sürdü.
 
 Münaqişələrə veriləcək fasilədən döyüşçülər tərəfindən cəbhəxanalarını və mövqelərini gücləndirmək üçün istifadə ediləcəyini söyləyən Çurkin bunun nəticəsində müharibənin daha da uzanacağını və vətəndaşların daha çox zərər görəcəyini iddia etdi.
 
 Digər tərəfdən, Kanadanın BMT Missiyasının açıqlamasında BMT Təhlükəsizlik Şurasında problemin həllinin tapılmamasının məyusluq doğurduğu bildirilərək, məsələnin BMT Baş Assambleyasında müzakirəsi üçün çalışılacağı barədə məlumat verildi.



Әlaqәli Xәbәrlәr