Rusiya ABŞ-ı Suriyada atəşkəs razılaşmasını pozmaqda günahlandırdı

Rusiya ABŞ-ı Suriyada qarşıdurmaların dayanması ilə əlaqədar razılaşmanı pozmaqda, Suriya rejimi hərbçilərinə hücum etməklə DEAŞ-ın hədəflərinə dəstək verməkdə günahlandırdı.

572357
Rusiya ABŞ-ı Suriyada atəşkəs razılaşmasını pozmaqda günahlandırdı

Rusiyanın Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın şərqindəki Deyr Ez-zur şəhərində Bəşər Əsəd rejiminə aid bir hərbi bazanı vurduğunu və 62 rejim əsgərini öldürdüyünü açıqladı.

Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov Suriya rəsmilərinin Deyr Ez-Zur aerodromunun yaxınlarına 4 döyüş təyyarəsi ilə həyata keçirilən hava hücumunda 62 rejim əsgərinin öldüyü, 100-dən çox əsgərin də yaralandığı məlumatını verdiklərnii ifadə etdi.

Konaşenkov təyyarələrin ölkənin İraq sərhədi tərəfindən gəldiyini ifadə etdi.

Moskva bölgədəki Suriya birliklərinin terror təşkilatı DEAŞ ilə döyüşdüyünü qeyd etdi.

Amerika mediasında əks olunan xəbərlərdə Obama rəhbərliyi adından danışan üst səviyyəli bir rəsminin: “ABŞ rəhbərliyi 62 Suriya rejimi əsgərinin qəsdsiz bir şəkildə vurularaq ölməsi münasibətilə kədərlənir və peşmanlıq hissi keçirir" cümləsinə yer verildi.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) verilən  yazılı açıqlamada isə, koalisiya qüvvələrinin Deyr Ez-Zur şəhərinin cənubundakı bir hədəfə "DEAŞ hədəfi zənn edərək" hava hücumu təşkil etdiyi ifadə edilərək:"Suriya ordusuna aid hərbçilərin və hərbi vasitələrin vurulmuş ola biləcəyi istiqamətindəki Rusiya rəsmilərinin məlumatlandırmasından sonra koalisiya qüvvələrinin hava hücumları dayandırılmışdır" deyildi.

Suriyanın hərbi baxımdan olduqca qarışıq bir ölkə halına gəldiyi qeyd olunan açıqlamada:"Koalisiya qüvvələri Suriyanın hərbi ünsürü olduğu bilinən bir hədəfi bilərək vurmaz" ifadəsi işlədildi.

62 rejim əsgərinin öldüyünü iddia edən Rusiyanın tələbi əsasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclası keçirildi.

Təxminən 1 saat davam edən və bağlı keçirilən iclasdan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samantha Power jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın Suriya rejimi əsgərlərini vurması ilə əlaqədar iddiaların araşdırıldığını ifadə edərək:" Bildirmək istəyirik ki niyyətimiz rejim əsgərlərini vurmaq deyildi. Təbii ki, itkilərə görə üzr istəyirik" dedi.

Rusiyanın BMT TŞ-nin təcili iclasını tələb etməsini tənqid edən Power 2011-ci ildən etibarən Suriyada Əsəd rejiminin vətəndaşları şüurlu şəkildə hədəf aldığını, öz xalqına qarşı kimyəvi silah tətbiq etdiyini, şəhərləri mühasirəyə alaraq insanları ölümə məhkum etdiyini vurğuladı və:"Bütün bunlar yaşanarkən Rusiya nəinki TŞ-nin təcili iclasını tələb etmədi, hətta reaksiya belə vermədi, cavabdeh şəxslərin hesabat verməsinə dair BMT TŞ-də təqdim olunan qanun layihələrinə də blok qoydu" deyə danışdı.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin də ABŞ-ı Suriyada qarşıdurmaların dayanması ilə əlaqədar razılaşmanı pozmaqda, Suriya rejimi hərbçilərinə hücum etməklə DEAŞ-ın hədəflərinə dəstək verməkdə günahlandırdı.

Suriya rejiminin humanitar yardım üçün lazımi icazələri verdiyini də ifadə edən Çurkin: "Suriyada ilk yardım konvoyunun sabah səhər yola çıxmasını gözləyirik." dedi.



Әlaqәli Xәbәrlәr