İƏT-dən ABŞ Konqresinə etiraz

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 11 Sentyabr hücumlarında həyatını itirənlərin ailələrinə Səudiyyə Ərəbistanı əleyhinə məhkəməyə müraciət etmək imkanı qazandıran qanun layihəsinə qarşı səssiz qalmadı.

571074
İƏT-dən ABŞ Konqresinə etiraz

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 11 Sentyabr hücumlarında həyatını itirənlərin ailələrinə Səudiyyə Ərəbistanı əleyhinə məhkəməyə müraciət etmək imkanı qazandıran qanun layihəsinin Amerika Birləşmiş Ştatları Kongresinin hər iki palatasında qəbul edilməsinin qlobal iqtisadiyyat və terrorla mübarizəyə təsir göstərəcəyini bildirdi.
 
İƏT-dən verilən yazılı açıqlamada qanunun qüvvəyə minməsi halında beynəlxalq əlaqələrə mane olacağı, iqtisadiyyatı durğunlaşdıracağı, bütün dünyada sülh və təhlükəsizliyi möhkəmləndirən koalisiyaları zəiflədəcəyi və terrorla mübarizəyə xələl gətirəcəyi ifadə edilir.
 
 Açıqlamada məsələni dəyərləndirən İƏT baş katibi İyad Əmin Mədəni konqresin bu qanunu qəbul etməsinin dar fikirliliyi əks etdirdiyini dilə gətirərək konqresin siyasi normalara zidd mövqeyinin məntiqdən uzaq bir xəta olduğunu bildirdi.
 
 Mədəni ağlın və hikmətin qalib gələrək konqresin yalnız sülh və təhlükəsizlik üçün deyil, eyni zamanda qlobal iqtisadiyyat üçün də təhlükə olan bu dəhşətli qərarı yenidən gözdən keçirməsinə və geri dönməsinə də ümid etdiyini bildirdi.
 
 Sözügedən layihə 11 Sentyabr hücumlarında ölənlərin ailələrinə hücumlarda Səudiyyə Ərəbistanının rəhbərlərinin  rolu ola biləcəyi iddiası ilə ABŞ məhkəmələrində cinayət işi qaldırmağa imkan qazandırır.
 
Qeyd edək ki, layihənin gündəmə gəlməsi ilə Səudiyyə Ərəbistanı rəhbərliyi kəskin reaksiya göstərərək konqres üzvlərini ABŞ-da olan 750 milyard dollar dəyərindəki əmlakını satmaqla hədələmişdi.
 
 Məlumatlara görə, Səudiyyə rəhbərliyi layihənin keçməməsi üçün ABŞ Konqresində uzun müddət lobbi işləri aparıb. 

Obama rəhbərliyi də konqres üzvlərindən layihənin keçirilməməsini istəmiş, ABŞ əleyhinə oxşar məhkəmə proseslərinin başqa ölkələrdə başlayacağı və bu səbəblə də ABŞ vətəndaşlarının təhlükə ilə üz-üzə qala biləcəyi barədə xəbərdarlıq etmişdi.
 
 Ağ Evin sözçüsü Josh Earnest layihənin Senatdan keçməsindən dərhal sonra verdiyi açıqlamada bu addımın "arzuolunmaz nəticələr doğura biləcəyini", Obamanın layihəyə veto qoyacağını söyləmişdi.
 
 ABŞ prezidenti Barack Obamanın konqresin hər iki palatasından keçən layihəyə veto qoyması üçün 10 gün müddəti var. Obama bunu 10 gün ərzində etməsə, layihə avtomatik olaraq qüvvəyə minəcək.



Әlaqәli Xәbәrlәr