Şotlandiya xalqı müstəqilliyə "yox" deyib

Sentyabrın 18-də Şotlandiyada keçirilən referendumda ölkənin Böyük Britaniyadan ayrılmasını istəyənlər məğlub olublar.

131914
Şotlandiya xalqı müstəqilliyə "yox" deyib

Sentyabrın 18-də Şotlandiyada keçirilən referendumda ölkənin Böyük Britaniyadan ayrılmasını istəyənlər məğlub olublar.
Səsvermədə seçicilərin 84 faizi iştirak edib. Onların 55 faizindən çoxu müstəqilliyin əleyhinə səs verib. Ayrılığın tərəfdarları 44 faizdən bir qədər çox olub. Paytaxt Edinburq şəhərində seçicilərin 61 faizi müstəqilliyə “yox” deyib. Beləliklə, Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalması dəqiqləşib.
Şotlandiyanın müstəqillik tərəfdarı olan birinci naziri, Şotlandiya Milli Partiyasının lideri Aleks Salmond Londondan Şotlandiyanın səlahiyyətlərinin genişləndirilməsini gözlədiklərini söyləyib. Britaniyanın baş naziri Devid Kemeron isə əhalini Britaniyadan ayrılmamağa çağıran Şotlandiya Leyborist Partiyasının lideri Alister Darlinqi uğurlu kampaniya münasibətilə təbrik edib.
Şotlandiyanın birinci naziri Aleks Salmond müstəqillik haqqında referendumdakı məğlubiyyəti qəbul etdiyini deyib.
Salmond 1,6 milyon nəfərin Şotlandiyanın müstəqilliyinə səs verməsini böyük nailiyyət adlandırıb.
“Şotlandların əksəriyyəti bu mərhələdə müstəqilliyə “yox” deyib. Şotlandiyada dünyada nümunə ola biləcək demokratik referendum keçirilib. Bu gün biz Şotlandiyanı bir araya gətirdik. Gəlin, gedə bilmədiyimiz yox, qət etdiyimiz məsafəyə diqqət yetirək. Bütün Şotlandiyada bir hərəkat yaratmış olduq və bu, milləti irəli aparacaq. Biz vahid millət kimi irəli getməliyik”, - deyə o vurğulayıb.
Salmond səsvermənin nəticələrini qəbul etdiyini desə də, sonrakı mərhələdə Şotlandiyanın idaretmə hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsini vacib saydığını vurğulayıb: “Biz daha çox səlahiyyətlər tələb edirik.”

Böyük Britaniya baş naziri Devid Kemeron Şotlandiyada keçirilən referendumun nəticələrini şərh edərkən bildirib ki, Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək.
O qeyd edib ki, səlahiyyətlərin genişləndirilməsi barədə qərarı 2015-ci ildə Britaniya parlamenti qəbul edəcək.
“Hökumət verdiyi sözləri yerinə yetirəcək və Şotlandiya parlamentinə vergi, büdcə xərcləri və sosial təminat sahəsində yeni səlahiyyətlər verəcək”, - deyə Kemeron vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr