Xarici mətbuat, 01.04.2016

"Bu nə cür azadlıq anlayışıdır? Heç terrorçu da azad gəzə bilərmi? Bəs öldürülən şəxsin haqqını kim qoruyacaq? Belə azadlıq anlayışı bizə tərsdir", R.T.Ərdoğan

462736
Xarici mətbuat, 01.04.2016

Almaniya, DW: "Diyarbəkirdə xüsusi təyinatlı polisə hücum edilib"

Diyarbəkirdə polis maşınının hərəkəti zamanı içində bomba olan avtomobilin partladılması nəticəsində 7 polis işçisi həlak olub, 27-si yaralanıb. İçində bomba yerləşdirilən avtomobilin hədəfində Şəhərlərarası Avtobus Terminalı yaxınlarında xüsusi təyinatlı polisləri daşıyan maşın olub. Partlayışla bağlı Diyarbəkir Baş Prokurorluğunda cinayət işi açılıb.

Rusiya, “Sputnik” Beynəlxalq Xəbər Agentliyi: "Ağ Evdə təxmin ediləndən daha uzun sürən Obama-Ərdoğan görüşü"

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı rəsmi səfərlər çərçəvəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb. Görüş 50 dəqiqə davam edib. Ərdoğan və Obama terrorla mübarizə, miqrant problemləri və DAEŞ-lə mübarizə ilə bağlı hərbi əməliyyatlardan danışıblar.

Barak Obama, eyni zamanda, dünən Diyarbəkirdə terrorçuların bombalı hücumlarında şəhid düşən polislərin ailələrinə başsağlığı verib. Çıxışları zamanı Obama Amerikanın Türkiyənin təhlükəsizliyini təmin edəcəyini və DAEŞ-i zəiflətmək üçün ortaq işlər görməyə davam edəcəyini bildirib.

İngiltərə, BBC: "Ərdoğan: “Terrorçu azadlıqdan danışa bilməz!

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda fikir təşkilatı olan “Brookings İnstitutu”nda çıxışı zamanı deyib: “Türkiyə bir neçə terror təşkilatının hədəfindədir. Amma demokratiyadan, azadlıqdan və hüquq dövlətinin əsaslarından əl çəkən deyilik. Bu problemlər bizi yolumuzdan döndərə bilməz. Bizim üçün dəyərli olan, məsələn, bir iş adamını öldürən terrorçunun bu dəqiqə Brüsseldə rahat-rahat gəzməsidir. 10 ilə yaxındir Belçika bu terrorçunu bizə təhvil vermir. Rəsmi görüşlərdə terrorçunu niyə təhvil vermədiklərini soruşanda isə bizə deyirlər ki, “Biz azadlıq tərəfdarıyıq”. Bu nə cür azadlıq anlayışıdır? Heç terrorçu da azad gəzə bilərmi? Bəs öldürülən şəxsin haqqını kim qoruyacaq? Belə azadlıq anlayışı bizə tərsdir”.​

İran, “Fars” Xəbər Agentliyi: "Türkiyənin Somali səfirlik binası yaxınlığında terror akı olub"

Somali polis təşkilatından verilən məlumata görə, şəxsiyyəti naməlum bir neçə terrorçu Türkiyənin Somalidəki səfirlik binası yaxınlığında avtobusa atəş açaraq 6 nəfəri qətlə yetirib. Həlak olanlardan ikisi Türkiyə vətəndaşıdır. Şəxsiyyəti məlum olmayan terrorçuların hücumu zamanı 4 Somali vətəndaşı öldürülüb, 5 Türkiyə vətəndaşı isə yaralanıb. Terrorçuların hansı təşkilatdan olduğu hələ təyin edilməyib.



Әlaqәli Xәbәrlәr