Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi açıqlandı
Rusiyanın “TASS” xəbər agentliyinin məlumatına görə...
Bir sıra mənbələr B.Əsəd və ailəsinin Rusiyada olduğunu bildirir. Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Suriyadakı son hadisələr dəyərləndirilib. Suriyadakı vəziyyətin dramatik və narahatedici olduğu vurğulanan açıqlamada Əsəd və silahlı münaqişədə iştirak edən qüvvələr arasında müzakirələrin aparıldığı iddia edilib.
Açıqlamada "Müzakirələr nəticəsində Bəşər Əsəd hakimiyyəti sülh yolu ilə təhvil vermə göstərişi verərək istefa qərarı aldı və ölkəni tərk etdi. Rusiya bu müzakirələrdə iştirak etməyib", - deyə bildirilib.
Rusiyanın “TASS” xəbər agentliyinin məlumatına görə, sığınma hüququ təklif edilən Əsəd və ailəsi paytaxt Moskvaya çatıb. Onların Moskvada olduğu qeyd edilən xəbərdə sığınma hüququnun humanitar əsaslarla verildiyi bildirilib.
Suriyada 27 noyabrda hökumət qüvvələri ilə muxalif qruplar arasında qarşıdurmalar şiddətlənmişdi. 7 dekabrda paytaxt Dəməşqə daxil olmağa başlayan qruplara xalqın da dəstək verməsi nəticəsində hökumət burada və digər bir çox bölgədə nəzarəti tamamilə itirərək çökmüşdü. Dünən isə ölkədə Bəəs Partiyasının 61 illik hakimiyyəti devrilmişdi.