Gürcüstanda keçirilən etiraz aksiyaları gecə saatlarında da davam edib
İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanmasını gündəmə gətirməmək qərarından sonra keçirilən etiraz aksiyaları davam edir.
Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanmasını gündəmə gətirməmək qərarından sonra keçirilən etiraz aksiyaları davam edir.
Batumidə 11-ci gündə davam edən nümayişlərlə yanaşı, minlərlə insan gecə saatlarında yenidən paytaxt Tbilisidə parlament binası qarşısına toplaşaraq hökumətin qərarına bir daha reaksiya verib.
Nümayişçilər yeni il şənlikləri çərçivəsində bələdiyyə tərəfindən tikilməyə başlanan yolkanın polad gövdəsinə aksiyada xəsarət alan jurnalistlərin, sənətçilərin, siyasətçilərin və etirazçıların fotoşəkillərini asıblar.
Bəzi nümayişçilər parlament binasına daş atıblar.
Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze mətbuat konfransında Tbilisidə davam edən etiraz aksiyalarında saxlanılanlarla bağlı açıqlama verib.
Noyabrın 28-dən bəzi şəxslərin parlament binasına və polisə qarşı zorakılıq hərəkətləri etdiyini deyən Daraxvelidze hadisələrdə 150 polis əməkdaşının yaralandığını bildirib.
Davam edən etirazlarda bəzi jurnalistlərin yaralandığını, şəhərin infrastrukturunun zədələndiyini bildirən Daraxvelidze 400-dən çox adamın saxlandığını deyib..
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yenilənməsini tələb edib, daha sonra müxalifət və Aİ tərəfdarları küçələrə çıxaraq nümayişlər təşkil etməyə başlayıblar.
Baş nazir Kobaxidze noyabrın 28-də verdiyi açıqlamada bəzi avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarışdığını və onları Aİ-nin pulları ilə şantaj etdiyini bildirib və deyib: “Bütün bunları nəzərə alaraq, Aİ ilə danışıqlara başlamamaq qərarına gəldik. 2028-ci ilin sonuna qədər bu mövzusunu gündəmə gətirməyəcəyik" ifadəsini işlədib.
Kobaxidze ölkəsinin 2030-cu ildə Aİ-yə üzv olması üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.