Gürcüstan DİN son vəziyyətlə bağlı açıqlama verib
Gürcüstanın paytaxtı Tbilisidə davam edən nümayişlərdə 298 nəfər saxlanılıb, 143 polis əməkdaşı yaralanıb.
Gürcüstanın paytaxtı Tbilisidə davam edən nümayişlərdə 298 nəfər saxlanılıb, 143 polis əməkdaşı yaralanıb.
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze hökumətin Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmasına qarşı davam edən etirazlarda saxlanılan və yaralanan polis əməkdaşları haqqında məlumat verib.
Parlament binası qarşısında günlərdir davam edən nümayişlərə qatılan bəzi fəalların polisə qarşı zorakılıq tətbiq etdiyini qeyd edən Daraxvelidze hadisələrdə indiyədək 143 polis əməkdaşının yaralandığını bildirib.
298 nəfərin saxlanıldığını deyən Daraxvelidze istintaqın davam etdiyini bildirib.
Gürcüstanın Ombudsmanı Levan İoseliani dünən verdiyi açıqlamada polisin saxlanılan nümayişçilərin əksəriyyətinə qarşı zorakılıq tətbiq etdiyini açıqlayıb.
Baş nazir İrakli Kobaxidze növbəti dəfə müxalifət tərəfdarlarını qeyri-sabitlik yaratmaqda ittiham edib.
Bu arada, hökumətin 28 noyabrda Aİ-yə üzvlük danışıqlarını dayandırma qərarına qarşı başlayan nümayişlər 6-cı gündə başda paytaxt Tbilisi olmaqla müxtəlif şəhərlərdə davam edib.
Axşam saatlarında yenidən Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər Şota Rustaveli küçəsini nəqliyyatın hərəkəti üçün bağlayıb. Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.
Etirazçıların daş, çubuq və partlayıcı maddələrlə hücumlarına dəfələrlə gözyaşardıcı qazla cavab verən polis xüsusi təyinatlıları su təzyiqli maşınlarla saat 05:00 radələrində (yerli) nümayişçilərə müdaxilə edib. Nümayişçilər geri çəkilməli olub.
Digər tərəfdən, Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edərək seçkinin ləğvi ilə bağlı qaldırdığı iddianı rədd edib.
Konstitusiya Məhkəməsindən verilən yazılı açıqlamada prezident Zurabişvili ilə bəzi müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının seçkilərin ləğvi üçün təqdim etdiyi vəsatətin qəbul olunmadığı bildirilib.
Bəyanatda seçkinin nəticələrinin ləğvi üçün noyabrın 19-da məhkəməyə təqdim edilən vəsatətin rədd edildiyi vurğulanaraq, “Qərar qətidir, etiraza və ya baxılmaya tabe deyil” deyilib. Bəyanat daxil edilib.
Prezident Zurabişvili bu qərarla bağlı mətbuat konfransı keçirərək, Konstitusiya Məhkəməsinin ölkənin konstitusiya quruluşuna qayıtmaq fürsətini əldən verdiyini əsas gətirərək, “Artıq ölkədə heç bir legitim qurum qalmayıb” deyib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 53,93 faiz səslə qalib gəlib.
Prezident Zurabişvilinin dəstəklədiyi müxalifət partiyaları hökuməti seçkilərdə saxtakarlıqda ittiham edərək, seçkinin nəticələrini tanımadıqlarını bəyan edib və küçə etirazlarına başlayıblar.
Nümayişlərə baxmayaraq, parlament noyabrın 28-də Baş nazir Kobaxidzenin yaratdığı yeni kabinetə etimad səsverməsi verib.
Seçkilərin nəticələrinə görə, 150 nəfərlik parlamentdə Gürcü Arzusu Partiyasının 89, müxalifətin isə 61 deputatı var.