Məsud Pezeşkiyan: ''İsrail cavab verərsə, reaksiyamız daha da sərt olacaq''
Asiya Əməkdaşlıq Dialoqu (AID) Sammitində iştirak etmək üçün Qətərin paytaxtı Dohada səfərdə olan Məsud Pezeşkiyan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə birgə mətbuat konfransı keçirib
İran prezidenti Məsud Pezeşkiyan sülh istədiklərini lakin İsrailin cavab verəcəyi təqdirdə reaksiyalarının sərt olacağını qeyd edib.
Asiya Əməkdaşlıq Dialoqu (AID) Sammitində iştirak etmək üçün Qətərin paytaxtı Dohada səfərdə olan Məsud Pezeşkiyan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə birgə mətbuat konfransı keçirib.
İranın mövqeyinə toxunan Məsud Pezeşkiyan deyib:"Biz qan tökülməsinin qəti əleyhinəyik. Biz həmişə bunu demişik: ''Biz sülh istəyirik, əmin-amanlıq istəyirik. Biz heç bir ölkədə qan tökülməsini istəmirik''. Lakin İsrail bizi buna məcbur edir".
İyul ayında İranın paytaxtı Tehranda ''Həmas'' başçısı İsmayıl Haniyənin öldürülməsi məsələsinə də toxunan Məsud Pezeşkiyan deyib:
"İsrail qonağımıza sui-qəsd edərək bizi cavab verməyə məcbur etdi. Bunu and içdiyim axşam etdi. Bunu heç bir ölkə və heç bir partiya qəbul edə bilməz. Heç bir region müharibənin kölgəsində inkişaf edə və ya çiçəklənə bilməz".
İran prezidenti İsrailin İrandan qisas alması ehtimalı ilə bağlı "İsrail cavab versə, reaksiyamız daha sərt olacaq" deyib.
İsrailin bölgədəki hərəkətlərinə və bu prosesdə Qərbin roluna diqqət çəkən Məsud Pezeşkiyan İranın indiyə qədər İsrailin təcavüzkar siyasətlərinə qarşı sülhsevər mövqe nümayiş etdirməyə çalışdığını, lakin İsrailin təxribatçı hərəkətlərini artırdığını bildirib.
Məsud Pezeşkiyan sözlərinə belə davam edib: "Bu hücumları edərkən "heç vaxt reaksiya verməyin, reaksiya versəniz, bu müharibə böyüyəcək" deyirlər. Biz məsələyə mülayim şəkildə yanaşmağa çalışdıqca onların qırğınları, zülmləri artdı. Dünya tarixinə nəzər salsaq, belə gərginlik heç vaxt yaşanmayıb. Bir daha vurğulamaq istəyirəm ki, biz sülhün tərəfdarıyıq. Biz bu gərginliyin artmasını istəmirik. Biz gərginliyin regiona yayılmasını istəmirik. Qərbə müraciət etmək istəyirəm: ''Xahiş edirik İsraili dayandırın. Yaşananlarda sizin də rolunuz var”.