Xuzistan, Ərdəbil və Qərbi Azərbaycanda yenə onlarla qız zəhərləndi

Ölkədə indiyədək 5 mindən çox tələbənin zəhərləndiyi hallar Novruz bayramının bitməsi ilə yenidən başlayıb

1971906
Xuzistan, Ərdəbil və Qərbi Azərbaycanda yenə onlarla qız zəhərləndi

 

  İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla qız şagird zəhərlənərək xəstəxanaya yerləşdirilib.

  Ölkədə indiyədək 5 mindən çox tələbənin zəhərləndiyi hallar Novruz bayramının bitməsi ilə yenidən başlayıb.

  İran dövlət televiziyasının məlumatına görə, Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi sözügedən mövzu ilə bağlı bildirib: “Hacer litseyindən xəbər aldıqdan sonra təcili yardım qrupları məktəbə gedib, qızların bir qismi xəstəxanaya aparılıb, 66-sı müalicə olunub. Hal-hazırda onların vəziyyəti yaxşıdır və valideynləri narahat olmasınlar.”

  İran mətbuatında Ərdəbil vilayətində də bir sıra qız məktəbində şagirdlərin zəhərləndiyi xəbəri dərc olunub. Onların sayı ilə bağlı açıqlama verilməsə də, Ərdəbil səlahiyyətliləri 5 məktəbdə zəhərlənmə hadisəsinin yaşandığını bildirib.

  “Sharghdaily” xəbər saytında Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində qızlar məktəbində şagirdlərin zəhərləndiyi yazılıb. Bunun “qazdan zəhərlənmə” olduğu bildirilib, xəstəxanaya yerləşdirilən qızların sayı ilə bağlı isə məlumat verilməyib.

  Xatırladaq ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qızların təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verir. Onlarda nəfəsalma çətinliyi, ürəkbulanma, baş ağrısı və keyləşmə kimi simptomlar müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox qız şagird zəhərlənib.



Әlaqәli Xәbәrlәr