Ayətullah Əli Xamenei qızların məktəblərdə zəhərlənmə halları ilə əlaqədar göstəriş verib

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə halları ilə bağlı olaraq səlahiyyətlilərə "hadisəni ciddi qəbul etməyi və günahkarları ən ağır şəkildə cəzalandırmağı"

1955485
Ayətullah Əli Xamenei qızların məktəblərdə zəhərlənmə halları ilə əlaqədar göstəriş verib

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə halları ilə bağlı olaraq səlahiyyətlilərə "hadisəni ciddi qəbul etməyi və günahkarları ən ağır şəkildə cəzalandırmağı" tapşırıb.

Xamenei “Ağac əkmə günü” münasibəti ilə etdiyi müraciətdə bütün ölkədə narahatlıq doğuran qız tələbələrin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hallarına toxunub.

İşin içində cinayət şəbəkəsi və ya təşkilati strukturun ola biləcəyinə işarə edən Xamenei cəmiyyətdə təşviş və qorxuya səbəb olan bu cinayətə göz yumula bilməyəcəyini bildirib.

Bunun cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədildiyi üçün “böyük cinayət” olduğunu vurğulayan Xamenei deyib:

"Kəşfiyyat və təhlükəsizlik qüvvələri hadisənin əsas amillərini müəyyənləşdirməlidir. Hadisəni törədənlər, cinayətkarlar mühakimə olunmalı və ən ağır cəzalarla cəzalandırılmalıdır. Onlara yazığı gəlməməli, cəzaları nümunəvi olmalıdır". 

İran Ədliyyə Başçısı Qulamhüseyin Muhsin Ejei də bildirib ki, qız tələbələrin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə halları ilə bağlı müəyyən ediləcək günahkarlar "dünyada fitnə-fəsad törətmək" cinayətini törətməkdən "edam"la mühakimə olunacaqlar.

Xatırladaq ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir.

Səbəbi hələ dəqiq açıqlanmayan zəhərlənmə halları ilə bağlı rəsmilər “Məktəblərdə istifadə edilən zəhərin tərkibində N2 (diazot) qazının olduğu müəyyən edilib” deyə açıqlama verib.

Rejim əleyhdarlarının iddialarına görə, İran administrasiyası daxilində qadınların rəhbərlik etdiyi Məhsa Əmini nümayişlərinin qisasını almaq istəyən bəzi radikal qruplar var.

Tehran administrasiyasına yaxın mənbələr isə, hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhdarı ünsürlərin dayandığını iddia edir.



Әlaqәli Xәbәrlәr