İranda qızların müəmmalı zəhərlənmə halları

İranın hüquq fəalları iddia edirlər ki, tələbə qızların kütləvi zəhərlənməsi 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etiraz nümayişlərinə görə qisas aktı ola bilər

1953505
İranda qızların müəmmalı zəhərlənmə halları

 

  İran universitetlərində qızların müəmmalı və kütləvi zəhərlənməsi halları baş verir. Bu barədə xəbər yayan “Fars” informasiya agentliyi bildirib ki, ictimai fəallar bu məsələdə hakimiyyəti ittiham edirlər.

  İranda Qum, Tehran, İsfahan və Burucərd şəhərlərində 14 məktəbdə 3 ayda 650 qız şagird zəhərlənib.

  “Al-Arabiya” telekanalı xəbər verir ki, “Fars” agentliyinin yaydığı məlumatda zəhərlənmənin səbəbinin universitet auditoriyalarında mənşəyi bəlli olmayan spreyin yayılmasıdır. Bu barədə agentliyə qızların valideynləri bildiriblər.

  Ərdəbil Universitetinin tibb fakültəsinin əməkdaşları “Tasnim” informasiya agentliyinə bildiriblər ki, tələbə qızlar zəhərlənmə halları baş verən auditoriyalarda qaz iyi gəldiyini söyləyiblər. Son 3 ay ərzində İranın universitetlərində yüzlərlə tələbənin zəhərlənməsi halları qeydə alınıb və zərərçəkənlərin əksəriyyəti xəstəxanalara yerləşdirilib.

  İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyxi “Xəbər Online” saytına müsahibəsində deyib ki, təkcə Qum şəhərində 799 zəhərlənmə halı qeydə alınıb, son bir həftə ərzində Burucərdi şəhərində isə 400 tələbə qız zəhərlənib. Hüquq-mühafizə orqanlarının bu insidentlərlə bağlı heç bir təhqiqat aparmaması faktı şübhələri daha da artırıb. İranın hökumət rəsmisi isə bildirib ki, zəhərlənmə halları ayrı-ayrı şəxslərin qızları universitetlərdən uzaq tutmaq məqsədi ilə təşkil etdikləri hücumların nəticəsində baş verə bilər.

  İranın hüquq fəalları iddia edirlər ki, tələbə qızların kütləvi zəhərlənməsi 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etiraz nümayişlərinə görə qisas aktı ola bilər. ABŞ-da yaşayan iranlı fəal Məsih Əlinecad isə deyib ki, hakimiyyət hicab və rejim əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı bioloji silah tətbiq edir.

  İranın məşhur sünni ruhanisi Mövləvi Əbdülhəmid bu insidentlərlə bağlı tviter səhifəsində bəyanat yayıb. O qeyd edib ki, Qum və Burucərdi şəhərlərində tələbə qızların kütləvi zəhərlənməsi aktları insanlığa və İslama qarşı törədilən cinayətdir.



Әlaqәli Xәbәrlәr