Xoyda zəlzələdən sonra çadırlarda dəm qazından ölənlər var

İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə...

1942094
Xoyda zəlzələdən sonra çadırlarda dəm qazından ölənlər var

 

  İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən 5,8 bal gücündə zəlzələdən sonra 2 nəfər qaldıqları çadırda dəm qazından zəhərlənərək dünyasını dəyişib.

  İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə, Qərbi Azərbaycan Tibbi Təcili Yardımlar üzrə direktoru Ferzin Rzazadə yanvarın 28-də Xoyda baş verən zəlzələdən sonra dəm qazından zəhərlənmələrlə bağlı açıqlama verərək bildirib: “29 yanvardan indiyədək çadırlarda isinmək üçün yandırılan kömürdən 140-a yaxın adam dəm qazından zəhərlənib. 82 yaşlı ana və 56 yaşlı oğul Xoy şəhərinin Firurək qəsəbəsində kömürdən yaranan qazdan zəhərlənərək ölüblər”.

  Səlahiyyətlilər çadırlarda qalan zəlzələ qurbanlarına xəbərdarlıq edir ki, elektrikdən başqa istilik vasitələrindən istifadə zamanı təhlükəsizlik tədbirlərinə əməl, bacalara nəzarət etsinlər.

  Qərbi Azərbaycan Valiliyi 70 kəndi yerlə-yeksan edən zəlzələdə 3 adamın həyatını itirdiyini, 1167 nəfərin yaralandığını bildirir.

  Zəlzələdə 3500 evə 20-80 faiz zərər dəyib.



Әlaqәli Xәbәrlәr