“Bu qanun layihəsi təsdiqlənərsə, İran NPT-dən çıxacaq”, H.Ə.Abdullahiyan

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki...

1936259
“Bu qanun layihəsi təsdiqlənərsə, İran NPT-dən çıxacaq”, H.Ə.Abdullahiyan

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, İnqilab Mühafizləri Korpusunun terrorçular siyahısına salınmasını tələb edən qanun layihəsi Avropa Parlamentində (AP) təsdiqlənərsə, İran Nüvə Silahlarının Yayılmaması Sazişindən (NPT) çıxacaq.

  İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə, H.Ə.Abdullahiyan mətbuata verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı bildirib: “Bəzi avropalı diplomatlar, məsələn Almaniyanın xarici işlər naziri (Annalena Baerbock) kifayət qədər təcrübəyə malik olmadıqları halda iş başındadırlar. Əgər onlar ağıllı kurs tutmasalar və siyasi mövqelərini düzəltməsələr, bütün imkanları nəzərdən keçirəcəyik”.

  Xatırladaq ki, yanvarın 19-da Avropa İttifaqı (Aİ) İrana qarşı daha çox sanksiyalar tətbiq etmək, İranın dini başçısı Ayətullah Əli Xamenei və ölkə prezidenti İbrahim Rəisiyə qarşı sanksiyalar, İran İnqilab Mühafizləri Ordusunun Aİ-nin terror siyahısına daxil edilməsi kimi məcburi olmayan qətnamə qəbul edib. Qətnamədə İranda Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlara görə verilən edam hökmləri pislənilib və saxlanılan nümayişçilərin sərbəst buraxılmalı olduğu bildirilib.

  Qeyd edək ki, hazırda 191 ölkənin iştirakçısı olduğu saziş 1970-ci il martın 5-də qüvvəyə minib. Üç əsas prinsip üzərində qurulmuş NPT - Nüvə Silahlarının Yayılmaması Sazişinin əsas məqsədləri nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə tərksilahı kimi məsələlərdir.



Әlaqәli Xәbәrlәr