İran cavab olaraq uranı 60 faiz saflıqda zənginləşdirməyə başladı

İran dövlət televiziyasının məlumatına görə...

1909573
İran cavab olaraq uranı 60 faiz saflıqda zənginləşdirməyə başladı

 

  İran ABŞ, İngiltərə, Fransa və Almaniyanın rəhbərliyi altında Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) İdarə Heyətinin qəbul etdiyi qərara cavab olaraq öz Fordodakı nüvə obyektində uranı 60 faiz saflıqda zənginləşdirməyə başlayıb.

  İran dövlət televiziyasının məlumatına görə, Tehran Prezident Aparatı İAEA-nın adekvat əməkdaşlıq etmədiyi səbəbi ilə qəbul etdiyi xoşagəlməz qərara cavab olaraq uranı yüksək səviyyədə zənginləşdirməyə başladığını açıqlayıb. Bu çərçivədə İranın Atom Enerjisi Agentliyinin Fordodakı nüvə obyektində uranın 60 faiz saflıqda zənginləşdirilməsi prosesinə təkan verilib və bu nisbətdə zənginləşdirilmiş uranın miqdarı artırılıb.

  Qərara cavab olaraq Natanz və Fordodakı obyektlərdə yeni sentrifuqa zəncirinin yaradılacağı, Fordodakı IR1 sentrifuqalarının uranı daha sürətli zənginləşdirə bilən yeni nəsil IR6 sentrifuqaları ilə əvəzlənəcəyi də bildirilib.

  İranı nüvə proqramı ilə bağlı İAEA ilə əməkdaşlıq etməməkdə günahlandıran ABŞ, Fransa, Almaniya və İngiltərə İAEA-nın İcraiyyə Şurasında “İAEA ilə birgə işləməyə” çağıran qətnamə hazırlamışdı. Noyabrın 18-də İAEA tərəfindən səsə qoyulan və 35 ölkədən 26-nın səsini qazanan qətnamədə İran İAEA ilə adekvat əməkdaşlıq etməməkdə ittiham edilərək "3 elan edilməmiş yerdə uran izlərinin olması ilə bağlı dərhal məqbul texniki izahat vermə"yə çağırıldı. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan noyabrın 19-da verdiyi açıqlamada İAEA İcraiyyə Şurasının Tehrana qarşı qəbul etdiyi qərarın “siyasi” olduğunu və buna cavab verəcəklərini bildirdi.

  Qeyd edək ki, İranın uranı 20 - 60 faiz saflıqda zənginləşdirməsi Qərb ölkələrində narahatlıq doğurur. Çünki uranın 20 faiz və daha çox zənginləşdirilməsi nüvə bombası əldə etməyə imkan verəcək parçalanan uranın 90 faizinə çatmaq üçün mühüm addım hesab olunur.



Әlaqәli Xәbәrlәr