İranda etiraz aksiyaları davam edir
İranın Təbriz şəhərində polis qüvvələrinin 3 qadını saxlamağa cəhd etməsinə etiraz edən xalq nümayiş keçirib.
İranın Təbriz şəhərində polis qüvvələrinin 3 qadını saxlamağa cəhd etməsinə etiraz edən xalq nümayiş keçirib.
Yerli qaynaqlardan əldə edilən məlumata görə, təhlükəsizlik qüvvələrinin Təbrizdə məcburi hicab qaydalarına etiraz etmək üçün başı açıq gəzən 3 qadını saxlamağa cəhd etməsi axşam saatlarında nümayişlərə səbəb olub.
Qadınlar ətrafdakı vətəndaşların köməyi ilə təhlükəsizlik qüvvələrinin əlindən xilas olarkən, Təbrizin Qapalı bazarı yaxınlığında toplaşan izdiham rejim əleyhinə şüarlar səsləndirərək nəqliyyatın hərəkətini bağlayıb.
Bildirilib ki, hadisələr zamanı mülki geyimli polislə nümayişçilər arasında əlbəyaxa dava olub, avtomobil sürücüləri də siqnalları ilə nümayişçilərə dəstək veriblər.
Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.
İran İnsan Haqları Fəalları Agentliyinin (HRANA) dərc etdiyi hesabatda 17 sentyabr-14 oktyabr tarixləri arasında keçirilən nümayişlər zamanı 32-si uşaq, 26-sı mühafizəçi olmaqla 233 nəfərin həyatını itirdiyi iddia edilib.
Bildirilir ki, bəzi iranlı qadınlar məcburi baş örtüyünə etiraz üçün müxtəlif şəhərlərin küçə və prospektlərində ayaqyalın gəzirlər.