İranda davam edən etiraz aksiyaları

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 16 gündür davam edir.

1887395
İranda davam edən etiraz aksiyaları

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 16 gündür davam edir.
Şənbə (1 oktyabr) günü ölkədə universitetlərin açılması ilə yenidən alovlanan nümayişlər dünən paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə davam edib.

Tehranın Şəriəti küçəsində toplaşan izdiham hökumət əleyhinə şüarlar səsləndirib və bir müddət yolu bağlayıb.

Universitetlərdə gündüz saatlarında başlayan etiraz nümayişlərinə təhlükəsizlik qüvvələri müdaxilə edib. 

Ölkənin Kirmanşah, Tehran, Məşhəd, Təbriz, Mazandaran, Kürdüstan, İsfahan, Senendec, Şiraz şəhərləri və bir çox universitetlərində keçirilən etiraz nümayişləri küçələrin də aktivləşməsinə səbəb olub.

Paytaxt Tehrandakı Şərif Universitetində nümayişçilərlə asayiş keşikçiləri arasında qarşıdurma olduğu müşahidə edilib.

Çox sayda nümayişçinin saxlanıldığı iddia edilən universitetdə yaralananların ola biləcəyi bildirilir.

Sürücülər Şərif Universitetinə gedən Həbibullah küçəsində hərəkətdə olan maşınlarında siqnallarını çalıblar.

Universitetlərdə və küçələrdəki fəallıqla yanaşı, bəzi iranlılar da axşam saatlarında evlərinin pəncərələrindən şüarlar səsləndirərək etirazlara dəstək veriblər.

Hadisələrin bir çox şəhərlərdə davam etdiyi bir vaxtda təhlükəsizlik qüvvələri məhkəmə hakimiyyətinin göstərişi ilə etirazlarda iştirak edən və “ictimai təhlükəsizliyi təhlükə altına atdığı” iddia edilən nümayişçilər üçün saxlanılma və həbs etmə fəaliyyətinə üz tutub.

Bu çərçivədə, aralarında tələbələr, məşhur şəxslər və jurnalistlərin də olduğu təxminən 2000 adamın saxlanıldığı təxmin edilir.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.

İran dövlət televiziyası nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr