İraq İrana nota verib

İraq ölkənin şimalında yerləşən Komele, İKDP və PAK təşkilatlarının qərargahlarına endirdiyi hava hücumlarına görə İrana nota verib.

1886391
İraq İrana nota verib

İraq ölkənin şimalında yerləşən Komele, İKDP və PAK təşkilatlarının qərargahlarına endirdiyi hava hücumlarına görə İrana nota verib.

İraq Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadikin nazirliyə çağırıldığı bildirilib.

“İranın İraq Kürd Regional Rəhbərliyinə (İKBY) bağlı kəndlərə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi və bəzi iraqlı mülki şəxslərin, o cümlədən qadın və uşaqların ölümünə səbəb olan hava hücumları səbəbilə İran səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq sərt nota verilib", -deyə açıqlamada qeyd edilib.

İran qüvvələrinin İraqın suverenliyinə və ərazisinə istiqamətli davam edən hücumları bir daha pislənilib və İranın İraq şəhərlərində mülki əhalini hədəf alması qarşısında səssiz qalmayacağı vurğulanıb.

İrandan İraqın suverenliyinə hörmət etməsinin istəndiyi açıqlamada rəsmi Tehran İraqa qarşı hərbi əməliyyat və silahdan istifadə etməkdən uzaq durmağa çağrılıb.

Qeyd edək ki, İran dünən (28 sentyabr 2022) İraqın şimalındakı Komele, İKDP və PAK təşkilatlarının qərargahlarının raket və PUA-larla vurulduğunu açıqlayıb.

İKBY-nin səhiyyə naziri Saman Berzenci İranın hücumları nəticəsində 9 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını bildirib.

Bu, İraqın şimalındakı rəsmi Tehran əleyhinə təşkilatların qərargahlarına son həftədə üçüncü hücum idi.

Sentyabrın 24-də İran İraqın şimalındakı Komele və İKDP qərargahlarını artilleriya atəşi ilə vurmuşdu.

İran İnqilab Keşikçiləri Ordusu Məhsa Əminin ölümü ilə bağlı ölkədə başlayan etirazlar davam edərkən Komele və İKDP-ni xaos yaratmaq üçün sərhəd bölgələrinə silahlı qruplar və külli miqdarda silah göndərməkdə ittiham edib.

İran bir neçə gün əvvəl də sözügedən qrupların mövqelərinə hücum edib.

İranın “terror təşkilatı” hesab etdiyi Komele, İKDP və PAK illərdir İKBY-nin nəzarətində olan bölgələrdəki düşərgələrdə yaşayır.



Әlaqәli Xәbәrlәr