İran nümayişçiləri repressiya edir

Saxlanılanların ümumi sayının 2000-dən çox olduğu söylənilir

1885931
İran nümayişçiləri repressiya edir

 

  İranda 22 yaşlı Məhsa Əmininin "çadra qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan və ölümündən sonra başlayan nümayişlər davam edir.

  Paytaxt Tehranın Sadikiyyə meydanı ətrafında keçirilən etiraz aksiyalarına sürücülər siqnal basaraq dəstək veriblər.

  Nümayişlər paytaxtın Sadikiye və Səttar Xan əraziləri ilə yanaşı, İtaliya, Taleqani və Qüds küçələri və Fələstin meydanı ətrafında da davam edib.

  Tehranın bir çox yerlərində keçirilən nümayişlərə cavab olaraq hüquq-mühafizə orqanlarının gördüyü təhlükəsizlik tədbirləri də sürməkdədir.

  Bu arada, universitet tələbələri Tehrandakı nümayişlərə görə distant təhsilə keçidə etiraz edib, müəllimlər tələbələrinin azad edilməsini tələb edərək dərsləri dayandırıblar.

  Sosial mediada əksini tapan xəbərlərə görə, nümayişlər İranın Tehranla yanaşı Buşehr, Şiraz və Yəzd kimi şəhərlərində də davam edib.

  Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.

  İran dövlət televiziyası nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

  Hadisələr davam etdikcə, təhlükəsizlik qüvvələri məhkəmə hakimiyyətinin göstərişi ilə aksiyalarda iştirak edən və “ictimai asayişi təhlükəyə atan” nümayişçilərə qarşı həbs dalğasına başlayıb: Gilanda 739, Mazenderanda 450, İlamda 180 nəfər saxlanılıb.

  Tehran Universiteti Tələbələr Birliyi ən azı 30 tələbənin, Tehran Jurnalistlər Birliyi isə ən az 10 jurnalistin saxlanıldığını bildirib.

  Saxlanılanların ümumi sayının 2000-dən çox olduğu söylənilir.



Әlaqәli Xәbәrlәr