İrandakı qarşıdurmada ölən və yaralananların sayı

Mazandaran əyalətinin mərkəzi olan Saridə nümayişçilərin dövlət qurumunun divarından İranın dini inqilab rəhbəri Ruhullah Xomeyni və İranın indiki dini başçısı Əli Xamneyinin şəkillərini endirməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb

1882917
İrandakı qarşıdurmada ölən və yaralananların sayı

 

  İranda 22 yaşlı Məhsa Əminin "çadra qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan və ölümündən sonra başlayan nümayişlərdə 6 nəfər həyatını itirib.

  İran dövlət televiziyasının xəbərinə görə, Kirmanşahın baş prokuroru Şəhram Kərəmi 20 sentyabr axşam saatlarında əyalətdə keçirilən nümayişlər zamanı ictimai mülklərin dağıdıldığını bildirib: “Kirmanşahdakı nümayişlər zamanı 2 nəfərin öldürülüb. Araşdırmalar göstərir ki, bunu qiyamçılar həyata keçirib, çünki onlar təhlükəsizlik və hərbi qüvvələrin inventarında olmayan silahlarla öldürülüblər. Nümayişlər zamanı biri polis olmaqla 25 nəfər yaralanıb”.

  “Hemşehri Online”ın xəbərinə görə, Şiraz valisi Lütfullah Şeybani şəhərdəki etirazlar zamanı bir polisin həyatını itirdiyini bildirərək deyib: “Gecə nümayişlərdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 4 polis yaralanıb, təxminən 15 etirazçı saxlanılıb”.

  Paytaxt Tehranda Hafiz körpüsü və Vəliəsr küçəsi ətrafında gecə saatlarına qədər davam edən nümayişlər günorta saatlarında yenidən başlayıb.

  Nümayişçilər küçələrə çıxaraq Tehran administrasiyası əleyhinə şüarlar səsləndirərkən təhlükəsizlik qüvvələri də etirazçılara müdaxilə edib.

  Şəhərin mərkəzindəki nümayişlərlə yanaşı, Tehran və Əl-Zəhra universitetlərində etirazların başlaması xəbərləri də mediada öz əksini tapıb.

  Tehran valisi Muhsin Mənsuri “Twitter” hesabında paylaşım edərək yazıb: “Tehranda baş verən hadisələrdə bəzi səfirliklərin və xarici kəşfiyyat xidmətlərinin izləri açıq şəkildə görünür. Paytaxtda üç xarici vətəndaş saxlanılıb”.

  Mazandaran əyalətinin mərkəzi olan Saridə nümayişçilərin dövlət qurumunun divarından İranın dini inqilab rəhbəri Ruhullah Xomeyni və İranın indiki dini başçısı Əli Xamneyinin şəkillərini endirməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

  İran Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada ABŞ, Avropa İttifaqı və bəzi ölkələrin çıxışlarını "İranın daxili işlərinə müdaxilə" kimi qiymətləndirib və onları “fürsətçilikdə” ittiham edərək qınayıb.

  Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya aparılan Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub.

  İran rəsmilərinin məlumatlarına görə, sentyabrın 17-də Məhsa Əmininin məmləkəti Sakkızda dəfnindən sonra Tehran və ölkənin bir çox şəhərində başlayan nümayişlərdə indiyədək 6 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr