Ukrayna Baş Qərargahı: "Ukraynada ümumilikdə 44.700 Rusiya əsgəri zərərsizləşdirilib"

Ukrayna Baş Qərargahı Rusiya ordusunun Donetsk vilayətində hücumlarının qarşısının alındığını açıqlayıb.

1870093
Ukrayna Baş Qərargahı: "Ukraynada ümumilikdə 44.700 Rusiya əsgəri zərərsizləşdirilib"

Ukrayna Baş Qərargahı Rusiya ordusunun Donetsk vilayətində hücumlarının qarşısının alındığını açıqlayıb.

Ordu son 24 saatda baş verən qarşıdurmalar və Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Rusiya ordusu əsasən Donetsk bölgəsində olmaqla 400 əsgərini itirib.

Fevralın 24-dən avqustun 19-dək Ukraynada ümumilikdə 44.700 Rusiya əsgəri zərərsizləşdirilib.

Bu müddətdə Rusiyaya məxsus 234 döyüş təyyarəsi, 197 helikopter, 1899 tank, 4 min 195 zirehli texnika, 1016 top, 266 reaktiv yaylım atəşi sistemi və 141 hava hücumundan müdafiə sistemi məhv edilib.

Açıqlamada Rusiya qüvvələrinin 3130 avtomobil, 15 gəmi, yüngül sürətli qayıq və 795 pilotsuz uçuş aparatını itirdiyi, Rusiya tərəfindən atılan 190 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb, lakin sonradan itkilərlə bağlı məlumatlar yenilənməyib.

Ukrayna Baş Qərargahının digər bəyanatında Donetsk bölgəsində qarşıdurmaların şiddətləndiyi, lakin bütün hücumların Ukrayna ordusu tərəfindən qarşısının alındığı bildirilib.

Donetsk qubernatoru Pavel Kirilenko Rusiya ordusunun hücumları nəticəsində son 24 saatda 5 mülki vətəndaşın öldüyünü açıqlayıb.

Dnepropetrovska qubernatoru Valentin Rezniçenko Rusiya ordusunun raket hücumu nəticəsində 1 mülki şəxsin həlak olduğunu, 1 uşağın isə yaralandığını açıqlayıb.

Xarkov qubernatoru Oleq Sinegubov da səhər saatlarında Rusiya ordusunun atdığı ən azı 5 raketin şəhərə düşdüyünü, təhsil müəssisələrindən birində mühafizəçi olan qadının həyatını itirdiyini bildirib.

Digər tərəfdən, ötən gün Rusiya ordusunun Xarkovda həyata keçirdiyi raket hücumunda 10 nəfərin həyatını itirdiyi üçün matəm elan edilib.



Әlaqәli Xәbәrlәr