Zelenski Rusiyanın ölkəsinə qarşı keçirdiyi əməliyyatın ilk günündə ölənlərin sayını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı keçirdiyi əməliyyatın ilk günündə ölənlərin sayının 137 olduğunu açıqlayıb.

1785297
Zelenski Rusiyanın ölkəsinə qarşı keçirdiyi əməliyyatın ilk günündə ölənlərin sayını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı keçirdiyi əməliyyatın ilk günündə ölənlərin sayının 137 olduğunu açıqlayıb.

Zelenski "Facebook"da etdiyi paylaşımda "İlkin məlumatlara görə, 137 qəhrəmanımızı, vətəndaşımızı itirmişik. Əsgərlər və mülki şəxslər" deyib.

Hücumlarda 316 nəfərin yaralandığı bildirilib.

Ukraynanın səhiyyə naziri Oleh Lyaşko daha əvvəl Rusiyanın hücumları nəticəsində 57 nəfərin öldüyünü, 169 nəfərin yaralandığını bildirmişdi.

Dövlət Aparatı Ofisinin sədr müavini Mihayl Podolyak isə, paytaxt Kiyev bölgəsindəki Hostomel hava limanına nəzarəti itirdiklərini bildirib. Lakin sonradan Ukrayna hərbçiləri hava limanını geri alıblar.

Ukraynanın Nüvə Tənzimləmə Təşkilatı Çernobıl Atom Elektrik Stansiyasında həddindən artıq radiasiya səviyyəsinin qeydə alındığını bildirib.

Qurumun saytında yayılan açıqlamada qamma şüalanmanın dozasının nəzarət hədlərini keçdiyi bildirilib.

Açıqlamada bildirilib ki, sözügedən dalğalanmalar ağır hərbi texnikanın hərəkəti və havaya radioaktiv tozun yayılması ilə bağlı ola bilər.

Diplomatik mənbələr həmçinin Ukraynanın Mariupol liman şəhərinin güclü atəşə tutulduğunu və yüzlərlə partlayışın baş verdiyini açıqlayıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar rusiya əsgərlərinin Ukrayna ordusuna aid bəzi avtomobilləri ələ keçirərək Kiyevə doğru hərəkət etdiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Rusiyanın ilk gündə ölkəsinə qarşı itkilərinin 30-dan çox tank, 130-a yaxın zirehli texnika, 7 təyyarə və 6 helikopter olduğunun güman edildiyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli rəsmisi Rusiyanın dünən Ukrayna ərazisinə 160-dan çox raket atdığını və şimaldan ölkəyə daxil olan Rusiya qüvvələrinin Kiyevə yaxınlaşdığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə ,Ukrayna hava-desant və reyd qoşunlarının Krım üzərindən Xersona daxil olduğunu bildirib.

Bu arada bəzi şəhərlərdə, o cümlədən paytaxt Kiyevdə komendant saatı tətbiq edilib. Ukraynanın Strateji Kommunikasiya Mərkəzi yerli vaxtla saat 22:00-dan səhər saat 6:00-a kimi Çerkassı, Dnepr və Nikolayv, eləcə də Kiyevdə komendant saatı elan edildiyini açıqlayıb.

Komendant saatı zamanı ictimai nəqliyyat işləməyib, lakin metro stansiyaları sığınacaq kimi istifadə edilmək üçün açıq saxlanılıb.

Səhərin erkən saatlarından paytaxt Kiyevdə sirena və partlayış səsləri təkrar-təkrar eşidilməyə başlayıb.

"Rusiyanın dəhşətli raket hücumu Kiyevi hədəfə alıb", - xarici işlər naziri Dimitro Kuleba bildirib. Bələdiyyə sədri isə bir evə düşən raketin parçalanması nəticəsində 8 nəfərin yaralandığını açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun bu gün paytaxta daxil olmağa çalışacağını proqnozlaşdırır.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bəyan edib ki, Rusiya hərbi birləşmələrinin tank karvanı İvankov və Çerniqov istiqamətindən paytaxt Kiyevə daxil olmaq üzrədir.

"Bu gün çox çətin gün olacaq" Geraşenko bu ifadədən istifadə edərək, Ukraynanın əlində olan tank əleyhinə silahlarla Rusiya tanklarının məhv edilə biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, Rusiya ötən gün Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr