Mosulda təxminən 500 cəsədin olduğu kütləvi məzarlar aşkarlandı

İraq Şəhid Yaxınları Təşkilatından Ziya Kərim mətbuata verdiyi məlumatda bildirib...

1657336
Mosulda təxminən 500 cəsədin olduğu kütləvi məzarlar aşkarlandı

 

  İraqın Mosul vilayətində təxminən 500 cəsədin olduğu iki kütləvi məzar aşkarlanıb.

  İraq Şəhid Yaxınları Təşkilatından Ziya Kərim mətbuata verdiyi məlumatda bildirib: “Hər iki kütləvi məzar Mosul vilayətinin qərbindəki Badoş həbsxanası yaxınlığında tapılıb. Bu məzarlarda təxminən 500 cəsəd var. Qurbanların 2014-cü ildə şəhəri ələ keçirən DAEŞ (İŞİD) terrorçuları tərəfindən öldürüldükləri müəyyən edilib. Beynəlxalq yardım təşkilatlarının dəstəyiylə 123 cəsəd çıxarılıb. Bənzər kütləvi məzarlar Telafer və Sincar qəsəbələri yaxınlığında da var.”

  Mosul valisi Nəçim əl-Cubburi Mosul çöllərində çox sayda kütləvi məzarların olduğunu və bunların ortaya çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatı və İraq hökumətinin müdaxilə etməli olduğunu deyib.

  BMT-nin 5 noyabr 2018-ci il hesabatında İraqda bundan əvvəl DAEŞ-in işğal etdiyi bölgələrdə minlərlə qurbanın qalıqları olan 200-dən çox kütləvi məzar olduğu bildirilir. DAEŞ-in 2014 – 2017-ci illər arasında İraqda geniş bir ərazini ələ keçirdiyi yazılan hesabatda terror təşkilatının beynəlxalq insan haqqlarını sistemli şəkildə pozduğu, müharibə və insanlığa qarşı cinayətlər törətdiyi, soyqırım etdiyi qeyd olunur.  

  Xatırladaq ki, terror təşkilatı DAEŞ 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, Diyala və Kərkük ellərinin bir qismini ələ keçirmişdi. Sözügedən bölgələr illər içində terrorçulardan geri alındı və dövrün baş naziri Heydar əl-İbadi 9 dekabr 2017-ci ildə DAEŞ-ə qarşı zəfər qazanıldığını elan etdi.



Әlaqәli Xәbәrlәr